Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Rusiyada həbs olunan azərbaycanlı jurnalist Fuad Abbasovun məsələsi ilə bağlı rusiyalı həmkarı Tatyana Moskalkovaya məktub ünvanlayıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, E.Süleymanova məktubunda F.Abbasovla bağlı məsələnin və onun saxlanma şəraitinin nəzarətdə saxlanılmasını xahiş edib.

Qeyd edək ki, Rusiyanın bir neçə azərbaycanlı icması paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva vilayətinin Ximski Şəhər Məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb və F.Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları F.Abbasovu saxlayıb. Bundan sonra qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib.

Hazırda Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. O, iki dəfə öz hesabına bilet alsa da, jurnalisti Azərbaycana deportasiya etməyiblər. F.Abbasov buna etiraz olaraq aclıq aksiyasına başlayıb.