“Mübariz İbrahimov nümunəvi döyüş yolu və qəhrəmanlığı ilə nəinki ölümsüzlüyə, əbədi zirvəyə yüksəldi, o, bütün Azərbaycan gənclərinə əbədi qələbə və Vətənə sonsuz məhəbbət aşıladı”.
Unikal.org xəbər veirr ki, bu fikirlər iyunun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qəhrəman Mübariz İbrahimovun anım gününə həsr olunan tədbirdə səsləndirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor M.Babanlı Milli Qəhrəman Mübariz İbrahimovun göstərdiyi igidliyin hər bir gəncə örnək olduğunu deyib. O, bildirib ki, biz M.İbrahimovun ruhu qarşısında borcumuzu qismən də olsa, o zaman yerinə yetirəcəyik ki, işğal altında olan torpaqlarımızı erməni tapdağından azad edəcəyik və o gün uzaqda deyil.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Ə.Qənizadə Milli Qəhrəman Mübariz İbrahimovun hərb sənətinə, Vətənə sevgisindən söz açıb və əlavə edib ki, o, bir əsgər kimi öz ali arzusuna çatdı və qəhrəmanlıq zirvəsinə yüksəldi...