Millət vəkili Cavid Osmanov Ağdaş rayonunda seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüş rayonun Kotavan kəndində baş tutdu.

Unikal.org xəbər verir ki, Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov görüşü açaraq ölkəmizin son illər ərzində əldə etdiyi uğurlardan söz açdı. Azərbaycanın regionun lider dövləti olduğunu qeyd edən Cavid Osmanov son illər ərzində ölkədə görülən işlərdən söhbət açaraq Azərbaycanın tarixində olmayan bir inkişaf dövrü yaşadığını qeyd etdi. Paytaxt Bakı ilə yanaşı regionlarda da həyata keçirilən çoxsaylı infrastruktur layihələri, aparılan abadlıq-quruculuq işlərinin deyinlərə bariz nümunə olduğunu qeyd etdi. 2004-cü ildən etibarən ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 Dövlət Proqramı uğurla icra edildiyini qeyd edən millət vəkili qeyd etdi ki, hazırda  dördüncü Dövlət Proqramı həyata keçirilir. Bu dövr ərzində Azərbaycanın regionları əhəmiyyətli dərəcədə inkişaf edib. 2004-cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları bütövlükdə ölkənin iqtisadi potensialının artırılmasında və əhalinin maddi rifah halının yaxşılaşmasında mühüm rol oynadı. Keçən 15 il ərzində 3 Dövlət Proqramının icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 3,3 dəfə artaraq dünya miqyasında rekord göstəriciyə imza atdı. İxracın 4,7 dəfə, valyuta ehtiyatlarımızın isə 24 dəfə artması və paralel olaraq iqtisadiyyata 250 milyard dollar investisiya qoyulması nəticəsində Azərbaycan güclü və regional iqtisadiyyat qurmağa nail oldu.

Prezident İlham Əliyevin imzaladığı sosialyönümlü Sərəncam və fərmanlara diqqət çəkən millət vəkili bildirdi ki, bu ilin əvvəlindən bu istiqamətdə mühüm qərarlar verilib. Ötən gün isə dövlət başçısının Sərəncamı ilə minimum əməkhaqqının məbləği artırılaraq 250 manat müəyyən edilib. Prezidentin verdiyi  qərarların insanların həyatına, rifah halının yüksəldilməsinə təsirindən bəhs edən Cavid Osmanov qeyd etdi ki, cənab İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir. Təsadüfi deyil ki, ötən il seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub. Dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə bu ilin əvvəlində  minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırılmışdı. Cənab İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri də təsis olundu.

İyunun 18-də dövlət başçısının imzaladığı Sərəncamla minimum əməkhaqqının məbləğı 250 manata çatdırılıb. Bu qərar sentyabrın 1-də qüvvəyə minəcək. Belə bir qərarın verilməsi çox önəmli bir addımdır. Bu fakt bir daha göstərir ki, dövlətimizin siyasətində vətəndaş amili öndə dayanır. Dövlət başçısının digər sərəncamları ilə müxtəlif sahələrdə çalışan insanların da əməkhaqları artırılıb. Bütün bunlar Azərbaycanın sosial rifah dövləti olduğunu bir daha təsdiqləyir.

Eyni zamanda Ağdaş rayonunda da irimiqyaslı işlərin getdiyini görüş iştirakçılarının diqqətinə çatdıraraq bu prosesin onların gözü qarşısında yaşandığını vurğulayan millət vəkili Cavid Osmanov bütün bunların ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olmasını bildirdi. Millət vəkili dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, ölkənin hərtərəfli dinamik inkişafının təmin olunduğunu vurğuladı. Müstəqil Azərbaycanın bu günkü uğurlarının əsasında cənab prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin dayandığını qeyd edən millət vəkili cənab prezidentin son günlər ərzində imzaladığı Fərman və Sərəncamlara diqqət çəkərək bütün bunların xalqımızın firavanlıq halnda yaşamasına hədəfləndiyini görüş iştirakçılarının diqqətinə çatdırdı.

Görüşdə çıxış edənlər – Mürşüd Şükürov, Əbdülqədir Mahmudov, Feruz Hüseynov, Qəndab Lətifova, Məhəmmədiyə İsayev, Abdulla Əhmədov, Kifayət Məmmədova və Vaqif Səmədov  bəyan etdilər ki, bu gün Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır. Azərbaycan davamlı inkişaf yolu keçməkdədir və bu inkişafın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Ağdaşlıların da hər zaman bu siyasi kursa sadiq olduqları hər kəsə bəllidir. Ölkədə görülən işlər, həyata keçirilən layihələr sakinlərdə sevinc hissi yaradır və ağdaşlılar birmənalı olaraq cənab prezidentin ətrafında sıx şəkildə birləşiblər. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb, bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. 

Seçiciləri maraqlandıran suallara  millət vəkili Cavid Osmanov tərəfindən cavablar verildi, şəxsi müraciətləri ilə əlaqədar kənd sakinlərinin bir qrupu ilə fərdi söhbət edildi.