Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistraturaya qəbul olunan bakalavrlara xəbərdarlıq edib.
Unikal.org xəbər verir ki, Akademiyanın Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 2019/2020-ci tədris ili üçün AMEA-nın magistraturasına qəbul olan bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
- Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış;
- Şəxsiyyət vəsiqəsinin surəti – 2 nüsxə;
- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti – 2 nüsxə;
- 3x4 ölçüdə rəngli fotoşəkil – 4 ədəd;
- Ödənişli əsaslarla qəbul olunanlar üçün – təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə;
- Təhsil haqqından azad olmaq hüququna malik olanlar müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqini.
Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı 2019-cu il iyun ayının 27-dən iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin Magistratura şöbəsində aparılacaq.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.