Azərbaycan nümayəndə heyətinin İsveçrə Konfederasiyasına səfəri çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolingerlə görüşüb.

Unikal.org xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycanla İsveçrə arasında əlaqələrin səmimi dostluq, qarşılıqlı hörmət, etimad və maraq prinsiplərinə əsaslandığını, yüksək səviyyəli qarşılıqlı səfərlərin, Azərbaycan Prezidentinin ənənəvi olaraq hər il Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda iştirakının, ikitərəfli görüşlər zamanı aparılan müzakirələrin əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında əməkdaşlığın möhkəm müqavilə-hüquq bazası mövcuddur.

Azərbaycanda tikinti, ticarət, nəqliyyat, xidmət, kənd təsərrüfatı sahələrində 60-dan çox İsveçrə şirkətinin fəaliyyət göstərdiyini bildirən nazir Şahin Mustafayev SOCAR-ın İsveçrədə uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Azərbaycan və İsveçrə yalnız ikitərəfli əsasda deyil, beynəlxalq maliyyə institutlarında da sıx əməkdaşlıq edirlər.

İsveçrə Konfederasiyasının Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolinger İsveçrə iqtisadiyyatı, özəl sektorun inkişafı barədə məlumat verib, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, ölkəmizlə enerji, ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığını vurğulayıb.

Görüşdə Azərbaycan-İsveçrə iqtisadi-ticarət əməkdaşlığının müxtəlif sahələri üzrə müzakirələr aparılıb.