Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib.
Unikal.org xəbər verir ki, 5 hektar ərazidə yerləşən hərbi hissədə 14,6 min kv.m sahədə inşaat işləri aparılıb, xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb.
Yeni hərbi hissədə qərargah və idarəetmə bölmələri üçün binalar kompleksi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların kazarma binaları, hərbi qulluqçular və ailə üzvləri üçün 84 xidməti mənzil, tibb məntəqəsi, texniki təyinatlı binalar, su anbarı inşa olunub.
Açılışda çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin DSX tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olduğunu bildirib, Azərbaycan sərhədçilərinin işğalda olan torpaqlarımızın azad olunmasına ciddi töhfə verməyə hər an hazır olduğunu vurğulayıb.