"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın mənə göstərdikləri yüksək etimadı bundan sonrakı fəaliyyətində də doğrultmağa çalışacam".
Unikal.org DİN-ə istinadən xəbər verir ki, bu sözləri Daxili İşlər naziri Vilayət Eyvazov İyunun 29-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasında növbəti tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı bildirib.
Nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya ali diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib və göstərdikləri yüksək etimadı bundan sonrakı fəaliyyətində də doğrultmağa çalışacağını vurğulayıb.
Sonra o, Akademiyanın professor-müəllim heyətini, kursantları və onların valideynlərini əlamətdar hadisə münasibətilə təbrik edib, bu polis ali təhsil müəssisəsinin daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında mühüm rol oynadığını, məzunlarının bir çoxunun ölkə miqyasında və nazirlik sistemində rəhbər vəzifələrdə xalqına, Vətəninə layiqincə xidmət etdiklərini, cinayətkarlıqla mübarizəyə, insan hüquq və azadlıqlarının təmini işinə dəyərli töhfələr verdiklərini məmnunluqla xatırladıb.
Daxili işlər orqanlarında xidmətin böyük vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, bilik, elm və təhsil tələb etdiyini vurğulayan Daxili İşlər naziri polisin professional səviyyəsini daim artırmasını bir vəzifə kimi qarşıya qoyan ümummilli liderimiz Heydər Əliyevin gələcəyə hesablanmış müvafiq tapşırıqlarının icrasının Akademiyanın inkişafında əhəmiyyətli rol oynadığını xüsusilə vurğulayıb.
Nazir V.Eyvazov ölkəmizdə aparılan quruculuq işlərinin və islahatların Daxili İşlər Nazirliyinin digər orqan və hissələri ilə bərabər, Polis Akademiyasını da əhatə etdiyini, məhz dövlətin böyük diqqət və qayğısı sayəsində Akademiyanın da maddi-texniki bazasının gücləndiyini, təhsilin keyfiyyətinin yüksəldiyini qeyd edib.
Məzunların həyatında yeni bir dövrün başlandığını nəzərə çatdıran cənab V.Eyvazov ümidvar olduğunu bildirib ki, gənc zabitlər praktiki fəaliyyətdə masir tələblərə cavab verən, hüquqi və demokratik dövlət prinsiplərinə uyğun bilik və bacarığa yiyələnmək, yüksək hazırlıq səviyyəsinə nail olmaq üçün var qüvvə ilə çalışacaq, yüz ildən artıq tarixi, şanlı ənənələri olan Azərbaycan Polisinin fədakar və nəcib missiyasını, veteranlarımızın Vətənə və xalqa xidmət estafetini layiqincə davam etdirəcəklər. Sonra o, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb.
Qeyd edilib ki, demokratik dövlət quruculuğu yolunda irəliləyən Azərbaycanda hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməli, vətəndaşlarımızın güvənc yeri olmalı, hər zaman xidməti borca və anda sadiq qalmalı, öz üzərində işləməli, təcrübəli həmkarlarından öyrənməli, nəzəri biliklərini, peşəkarlığını durmadan artırmalıdır. Bununla yanaşı, cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran dövlət qulluqçusu kimi formalaşmalıdır. General-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, şəxsi heyət bundan sonra da xalqımızın asayişinin, təhlükəsiz həyatının etibarlı qorunması işinə layiqli töhfələr verəсək, qanunla müəyyən edilmiş vəzifələri və qarşıya qoyulmuş tapşırıqları tam yerinə yetirəсək, vətəndaşların əmin-amanlığını və qanunçuluğu etibarlı qoruyacaq.