İyulun 4-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib. ARDNF-in Müşahidə Şurasının qərarı ilə Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov növbəti müddətə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.
Fondun İctimaiyyətlə əlaqələr departamentindən Unikal.org-a bildirilib ki, iclasda ARDNF-in 2018-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabatına, fondun 2018-ci il büdcəsinin icrası barədə məsələlərə baxılıb. Müşahidə Şurası tərəfindən ARDNF-in 2018-ci ildə maliyyə fəaliyyəti haqqında hesabatına dair müstəqil auditorun (“PraysvoterhausKupers Audit Azərbaycan” MMC) rəyi, 2018-ci il büdcəsinin icrası barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi, habelə Neft Fondunun 2018-ci il büdcəsinin gəlirlərinin 17 milyard 614,1 milyon manat və yaxud 115 faiz səviyyəsində, büdcə xərclərinin isə 11 milyard 455,6 milyon manat və ya 99,8 faiz səviyyəsində icra edildiyi nəzərə alınaraq fondun 2018-ci il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınıb.
Müşahidə Şurası tərəfindən, eyni zamanda, ARDNF-in fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda Neft Fondunun maliyyə və büdcəsinin icrası barədə hesabatların son təqdim edilməsi müddətində dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunub və bu dəyişikliklərin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.