“Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi işçilərinin peşə bayramı münasibəti ilə “Vətən Uzaqda Deyil” adlı Breyn Rinq İntellektual yarışı təşkil edilib.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli iştirakçıları salamlayaraq torpaqlarımızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan insanların, o cümlədən 2017-ci il iyulun 4-də düşmən gülləsinə tuş gəlmiş körpə Zəhra Quliyevanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib. Daha sonra, yarışla bağlı öz tövsiyyələrini verib və komandalara uğurlar arzu edib.
Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı tanıtım videosu yarış iştirakçılarına təqdim olunduqdan sonra, Dövlət Komitəsinin əməkdaşı, Könüllülərlə İş üzrə Koordinator Bəxtiyar Rəhimov yarışın təşkili, komandalar, münsiflər heyəti barədə məlumat verib.
İntellektual oyunda Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşlarından və “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçılarından ibarət 7 komanda yarışıb.
“Vətən Uzaqda Deyil” adlı Breyn Rinq İntellektual yarışının qalibi könüllülərdən ibarət “Odlar yurdu” komandası olub.
Qalib komandaya sertifikat, kubok və medallar təqdim edilib.