Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev  Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri George Leukanın rəhbərlik etdiyi nümayəndə heyəti  ilə görüşüb.
Unikal.org
xəbər verir  ki, qonaqları səmimiyyətlə salamlayan Səfər Mehdiyev iki ölkə arasında mövcud əlaqələrdən söhbət açıb və qarşılıqlı münasibətlərin bugünkü səviyyəsindən məmnunluqla bəhs edib. 
Komitə sədri son illərdə Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, gömrük sistemində də aparılan islahatlardan danışaraq tətbiq edilən yeniliklərin gömrük işinin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi, şəffaflığın təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
DGK sədri Səfər Mehdiyev  ölkələrimiz arasında gömrük işinin təşkili sahəsində də səmərəli və işgüzar əlaqələrin qurulduğunu, bu əlaqələrin iqtisadi münasibətlərin güclənməsinə, ticarət dövriyyəsinin artmasına şərait yaratdığını bildirib. Vurğulanıb ki, GUAM çərçivəsində gömrük orqanları arasındakı əməkdaşlıq daha da dərinləşib, beynəlxalq əhəmiyyətli layihələrin icrasının sürətləndirilməsinə, region ölkələrinin iqtisadi imkanlarının, tranzit potensialının artmasına şərait yaradıb. Məhz GUAM çərçivəsində blokçeyn texnologiyasının tətbiqinin nəzərdə tutulduğunu qeyd edən DGK sədri bu işin sürətləndirilməsi üçün digər üzv dövlətlər kimi Moldova ilə də məlumat mübadiləsinin həyata keçirilməsinin zərurliyini bildirib və bu istiqamətdə sazişin imzalanmasının vacibliyini diqqətə çatdırıb.
Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri George Leuka iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb, qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Səfir kimi iki ölkənin uyğun qurumları arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirən moldovalı diplomat əməkdaşlığın gələcək perspektivləri barəsində fikirlərini bölüşüb.
Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.