"ABŞ və Azərbaycan arasında güclü iqtisadi maraqlar mövcuddur və sosial iqtisadi dialoqun genişlənməsi əlaqələrin inkişafına töhfə verir. ABŞ Cənub Qaz dəhlizi daxil olmaqla Azərbaycanın iştirakı ilə həyata keçirilən beynəlxalq enerji layihələrinə dəstək verir".
Unikal.org xəbər verir ki, bunu ABŞ-ın 243-cü Müstəqillik Gününə həsr olunan tədbirdə çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.
Samir Şərifov ABŞ xalqını və hökumətini Azərbaycan hökuməti adından təbrik edib:
"ABŞ prezidenti Donald Trampın İlham Əliyevə təbrikində Azərbaycanın beynəlxalq təhlükəsizliyə və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə haqda sözləri əlaqələrimizin daha da inkişafına səbəb olacaq. Son zamanlar ABŞ-dan Azərbaycana gələn səfərlərin sayının artması əlaqələrin yüksələn xətt üzrə inkişafının göstəricisidir.
Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 860 milyon dollar təşkil edib. İndiyədək ABŞ Azərbaycana 13, 6 milyard dollar investisiya yatırıb. Azərbaycan isə ABŞ-a 8, 2 milyard dollar sərmayə yatırıb".
O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllində ATƏT-in Minsk Qrupunun sədri kimi ABŞ-ın səylərinə ümid bəsləyirik.