Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edib.
Unikal.org xəbər verir ki, qüvvədən olan Qaydalara əsasən, Vergilər Nazirliyi və onun müvafiq orqanları tərəfindən Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği barədə məlumat əksini tapıb.
Dəyişikliyə əsasən, Vergilər Nazirliyi və onun müvafiq orqanları tərəfindən Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcədənkənar gəlirlərinin məbləği barədə məlumat da əksini tapmalıdır. Eyni zamanda bundan sonra Vergilər Nazirliyi və onun müvafiq orqanları tərəfindən Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində əksini tapmalı olan digər yeni məlumatlar aşağıdakılardır:
- hesablanmış, ödənilmiş, artıq ödənilmiş vergilər və artıq ödənilmiş vergilərin büdcədən qaytarılan məbləğləri barədə əvvəlki iki il və cari ilin müvafiq hesabat dövrü üzrə məlumatlar;
- Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalara dair məlumatlar;
- hesablanmış, ödənilmiş, artıq ödənilmiş vergilər və artıq ödənilmiş vergilərin büdcədən qaytarılan məbləğləri barədə əvvəlki iki il və cari ilin müvafiq hesabat dövrü üzrə məlumatlar;
- Vergi Məcəlləsi, Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş güzəşt və azadolmalara dair məlumatlar.
Hazırda dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar, habelə onların regional və yerli bölmələri Maliyyə Nazirliyi Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış formalara uyğun olaraq aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə hesabatları aidiyyəti üzrə Maliyyə Nazirliyinə və ya onun yerli bölmələrinə, habelə Azərbaycan Respublikasının Hesablama Palatasına kağız və elektron daşıyıcılar formasında təqdim edirlər. Artıq Vergilər Nazirliyi də aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə hesabatlara müvafiq dövr üzrə hesablanmış, ödənilmiş, artıq ödənilmiş vergilər, artıq ödənilmiş vergilərin büdcədən qaytarılan məbləğləri və vergi borcları barədə məlumatları əlavə edəcək. Eyni zamanda Azərbaycan Respublikasının adından imzalanmış kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xarici kredit təşkilatları tərəfindən ayrılan maliyyələşmələrin (ödənişlərin) dövlət xəzinədarlığının bank hesabları vasitəsilə deyil, layihələr üzrə icraçıların bank hesablarına birbaşa ödənilməsi nəzərdə tutulduğu halda, həmin maliyyələşmələr (ödənişlər) üzrə əməliyyatlar, bu əməliyyatların icrası barədə xarici kredit təşkilatlarının ödəniş bildirişləri əsasında Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin kəsirinin həmin məbləğdə bağlanılması hesabına təmin ediləcək.
Qüvvədə olan Qaydalara əsasən, İlin sonuna bütün xəzinə hesablarının qalıqları köçürülüb. Bu vəsait dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və (və ya) növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə bir hissəsi həmin il üzrə “Büdcə sistemi haqqında” qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilib, habelə bu Qaydalarda nəzərdə tutulmuş qaydada idarə edilib, yerdə qalan hissəsi isə Dövlət Neft Fonduna köçürülüb. Dəyişikliyə əsasən, artıq “İlin sonuna bütün xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürülür, vahid xəzinə hesabının sərbəst qalığı dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və (və ya) növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə bir hissəsi həmin il üzrə Büdcə sistemi haqqında” qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilir, qalan vəsaitin dövlət büdcəsinin neft gəlirlərinin cari büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulan məbləğindən artıq daxil olan hissəsindən çox olmayan məbləği Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürüləcək. Vahid xəzinə hesabının sərbəst qalığının yerdə qalan hissəsi bu Qaydalarda nəzərdə tutulmuş qaydada idarə ediləcək. Bu bənddə nəzərdə tutulan əməliyyatlar aparıldıqdan sonra vahid xəzinə hesabının sərbəst qalığının qalan hissəsi isə Dövlət Neft Fonduna köçürüləcək. Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı Maliyyə Nazirliyi tərəfindən idarə olunur və (və ya) idarəetməyə verilir, yaxud dövlət borcuna xidmətlə əlaqədar xərclərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsinin maliyyələşdirilməsini təmin etmək üçün Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürüləcək. Dövlət borcuna xidmət, o cümlədən əsas məbləğin və faizin qaytarılması üzrə xərclər cari büdcə ilində həyata keçirilən yeni dövlət borcalması və (və ya) Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına ödənildikdə, bu xərclərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilməyəcək.
Qeyd edək ki, Qaydalara dəyişiklik “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 30 noyabr tarixli qanununun tətbiqi və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli Fərmanının icrasını təmin etmək məqsədilə edilib.