24 iyul 1874-cü il ölkənin birinci bankı olan Kapital Bank-ın yaranması günüdür. Azərbaycan Əmanət Bankının hüquqi varisi olan Kapital Bank-ın ilk xidmət məntəqəsi 1874-cü ildə Bakıda əmanət kassası kimi yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski idi. Uçot Komitəsinin tərkibində isə Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu.
Unikal.org xəbər verir ki, Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra 30 sentyabr 1919-cu ildə Azərbaycanda Dövlət Bankının açılışı oldu, 1 dekabr 1919-cu ildə əmanət kassalarının fəaliyyəti də bərpa edildi. 1920-ci ilin 28 aprelində ADR-in süqutunun ardınca Azərbaycan İnqilab Komitəsinin 9 iyun 1920-ci il tarixli qərarı ilə Rusiya Dövlət Bankının Bakı şöbəsi ləğv edildi. 1924-cü ilin yanvarında Azərbaycanda SSRİ Dövlət Bankının tərkibində fəaliyyət göstərən dövlət əmək əmanət kassaları yaradıldı. 1988-ci ildə həmin kassalar SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına çevrildi.
11 fevral 1992-ci ildə bu bankın bazasında Azərbaycan Respublikasının Əmanət Bankı formalaşdırıldı. 21 fevral 2000-ci ildə isə Əmanət Bankının, Azərbaycan Aqrar-Sənaye Bankının və Azərbaycan Sənaye-İnvestisiya Bankının birləşdirilməsi nəticəsində, Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradıldı.
29 dekabr 2004-cü il tarixindən fəaliyyətini Kapital Bank adı ilə davam etdirən Bank, hazırda ölkə üzrə 100-dən artıq xidmət nöqtəsinə, 3 milyondan artıq fiziki şəxsə, 22 mindən artıq hüquqi şəxsə yüksək səviyyədə bank xidməti göstərir.
Kapital Bank fəaliyyətinin 145-ci il dönümü münasibəti ilə bütün müştərilərini, tərəfdaşlarını, səhmdarlarını və əməkdaşlarını təbrik edir, onlara əməkdaşlıq üçün təşəkkürünü bildirir və yeni uğurlar arzulayır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.