Azərbaycana gətirilən polistirol sopolimeri idxal gömrük rüsumundan azad edilib.
Unikal.org xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Qərara əsasən, polistirolun sopolimerinin A-B-A blok-sopolimeri idxal gömrük rüsumundan azad edilib.
Qeyd edək ki, polistirol benzol və etilenin birləşməsindən əmələ gələn stirolun xətti polimeri olub, şüşəyəbənzər maddədir. Emal zamanı etilen alüminium xloridin köməyi ilə katalizator kimi benzola daxil etdirilir. Polistirol ucuz böyük həcmli termoplastdır, yüksək bərkliyi, yaxşı dielektrik xassələri, nəmliyə davamlığı ilə fərqlənir, asanlıqla rənglənir və deformasiya olunur, ətraf mühit üçün təhlükəli deyil. Onun istiyə davamsızlığı və nisbi kövrəkliyi çatışmayan cəhətlərindəndir. Sənayedə polistirollar kütlədə və ya su emulsiyasında polimerləşmə ilə alınaraq basma, ştamplama üsullarının tətbiqi ilə lazımı formaya salınır.
Polistirol kütlə və ya köpüklü plastik kimi istifadə olunur. Ondan tökmə sənayesində modellər hazırlanır, üyüdülmüş halda içlik materiallarına da daxil edilir. Bundan əlavə, polistiroldan avtomobil, radotexnika, məişət texnikasının hazırlanmasında geniş istifadə olunur. Həmçinin kauçuk və digər plastik kütlələrlə qarışıq şəklində də tətbiq olunur.