Ermənistan rəhbərliyi hakimiyyəti uzun müddət saxlaya bilməyəcək və onun yenidən seçilmək üçün perspektivləri yoxdur.

Unikal.org xəbər verir ki, bunu keçmiş prezident Robert Koçaryan "Ermənistanın səsi" qəzetinə müsahibəsində deyib.

O əmindir ki, hakimiyyət məsələsi hər halda küçədə– vaxtından əvvəl keçiriləcək parlament seçkilərində həll ediləcək.

"Belə bir idarəetmə keyfiyyəti ilə bu hakimiyyətin ömrü uzun olmayacaq və onun yenidən seçilmək üçün heç bir perspektivi yoxdur. Eyni zamanda, seçici artıq populistlərdən boğaza yığılaraq öz seçimində daha diqqətli olacaq", - deyə R. Koçaryan bildirib.

Eks-prezident ona da əmindir ki, müxalifət düşərgəsində birləşmək üçün münbit zəmin var. Lakin Koçaryan vahid müxalifət mərkəzinin dərhal yaranacağına inanmır. Onun fikrincə, çəkisi olan bir neçə müxtəlif cazibə mərkəzi formalaşacaq, lakin onlar arasında aktiv qarşılıqlı əlaqə qurulacaq.

"Bu proseslərdə mən vacib bir bənd olacağam, ancaq yeganə bənd olmayacağam. Ölkənin sağlam qüvvələrin konsolidasiyasına ehtiyacı var. Bu proses əlbəttə ki, parlament müxalifətinin radikallaşmasına səbəb olacaq, əks halda o, seçicilərini itirəcək",-R. Koçaryan vurğulayıb.

R.Koçaryan belə hesab edir ki, payızda konsolidasiya və müxalifət sahəsində tərəfdaşlığın formalaşması prosesi başa çatacaq və siyasi mübarizə sistemli və genişmiqyaslı xarakter alacaq.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan hazırda həbsdədir. O, 2008-ci ildə Ermənistanda konstitusiya quruluşunu devirməkdə ittiham olunur. O vaxt respublikanın ilk prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi müxalifət prezident seçkilərinin nəticələrinə qarşı çıxaraq davamlı mitinqlər keçirirdi. Uzunmüddətli etiraz aksiyaları martın 1-2-də toqquşmalara çevrildi və nəticədə 10 nəfər həlak oldu.