Avqustun 13-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Göyşaban və Ürgə kəndlərinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir ki, səyyar görüşdə yerli icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlət başçısının göstəriş və tövsiyələrinə uyğun olaraq yerlərdə vətəndaşların müraciətlərinə birbaşa və vasitəçi olmadan baxılması üçün səyyar qəbulların keçirilməsinin önəmindən danışıb. Onun sözlərinə görə, vətəndaşlara xidmət və onların müraciətlərinə həssas münasibət göstərilməsi cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bütün dövlət məmurları qarşısında qoyulan əsas tələblərdəndir. 

Ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə məlumat verən Taleh Qaraşov Ürgə kənd tam orta məktəbinin 2025-2026-cı tədris illərində əsaslı təmir olunmasının nəzərdə tutulduğunu, layihələndirmənin aparıldığını və yaxın müddətdə işlərin icrasına başlanılacağını bildirib. İcra başçısı eyni zamanda rayonun ən böyük problemlərindən olan və xüsusilə Göyşaban kəndinin sakinlərini narahat edən “zibil poliqonu” ilə bağlı yerli sakinlərə xoş xəbəri çatdırıb. Onun sözlərinə görə, Azərbaycan  Respublikasının Baş nazirinin 11 iyul 2025-ci il 420s  Sərəncamı ilə “2026- cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı” təsdiq edilib və siyahıda Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi layihəsi də yer alıb. Başqa sözlə, “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunun tələblərinə uyğun 2026-cı ildə həyata keçiriləcək layihə çərçivəsində Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi, utilizasiya zavodunun tikintisi və bütövlükdə “zibil poliqonu” probleminin həlli mümkün olacaq.

Göyşaban və Ürgə kənd sakinlərinin qaldırdıqları bütün müraciətlər həssaslıqla dinlənilib, yerli icra hakimiyyətinin səlahiyyətləri daxilində olan və ədalətli qaldırılan məsələlər yerindəcə həllini tapıb, digər məsələlər barədə aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması üçün nəzarətə götürülüb. İcra başçısı heç bir məsələyə biganə qalınmayacağını və qaldırılan məsələlərin həlli vəziyyəti lə bağlı vətəndaşlara qanunamüvafiq müddətdə cavablar veriləcəyini qeyd edib.

Yerli sakinlər Göyşaban kəndi ərazisindəki zibil poliqonu ilə bağlı atılan addımları yüksək qiymətləndiriblər, Ürgə kənd tam orta məktəbinin əsaslı təmir olunmasına başlanılacağından razılıqlarını ifadə ediblər və dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.