Məlum olduğu kimi, 2016-cı ilin əvvəllərində Mərkəzi Bankın (AMB) təşəbbüsü ilə Azərbaycanda valyutadəyişmə məntəqələrinin ("exchange"lərin) fəaliyyəti dayandırıldı.
Unikal.org xəbər verir ki, bir çoxları həmin vaxt bu addımın atılmasını düzgün saymamışdılar, ən azı ona görə ki, baş bankir Elman Rüstəmovun həmin təşəbbüsündən sonra 4 mindən çox insan işsiz qaldı. Son vaxtlar "exchange"lərin fəaliyyətinə yenidən icazə veriləcəyi barədə yüksək səslə danışılsa da, ekspertlərin dediklərindən belə anlaşılır ki, valyutadəyişmə məntəqələrinin maliyyə bazarına dönüşü hələ bir müddət də yubanacaq. Məsələn, yola salmaq üzrə olduğumuz həftə bu mövzuda danışan bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib ki, qanunvericilikdə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq üçün heç bir problem yoxdur, sadəcə valyutadəyişmə məntəqəsi açmaq sərf etmir:
"Çünki "exchange"lərin açılması üçün banklarda müəyyən məbləğdə depozit saxlamaq lazımdır. Onlar bankda 50 min manat və 50 min dollar məbləğində depozit saxlamalıdır. "Exchange"lər bir qayda olaraq kiçik biznesdir və onlar üçün bu pul çox böyükdür. Bu vəsaiti bankda depozit kimi saxlayıb işlətməmək, dövriyyədən çıxartmaq "exchange"lərə sərf etmir. Amma hesab edirəm ki, bu depozit tələbi düzgündür. Əgər heç bir depozit tələbi olmasa valyutadəyişmə məntəqələri istədiklərini edə bilərlər". Onun sözlərinə görə, digər tərəfdən, bir neçə il bundan əvvəl Azərbaycanda "exchange"lərin geniş yayıldığı dövrlərdə bu fəaliyyət sərf edirdi:
"Çünki o vaxt Mərkəzi Bankın valyuta əməliyyatlarına dair marja tələbi var idi. Yəni bankların, "exchange"lərin valyuta mübadilə məzənnəsi Mərkəzi Bankın məzənnəsindən 2 faiz fərqlənə bilərdi. Sonra isə bu rəqəmi 4 faizə qaldırdılar. Banklar bu tələbə əməl edirdi. "Exchange"lər isə çox olduğu üçün onlara nəzarət etmək çətin idi və bəzən onlar bu tələbə riayət etmirdilər. Nəticədə valyutadəyişmə məntəqələri banklarla qeyri-sağlam, qeyri-bərabər rəqabət apararaq yaxşı qazanırdı". Ekspert onu da bildirib ki, artıq bir neçə ildir marja tələbi yoxdur: "Hansı məzənnə ilə istəyirlər pulu dəyişirlər, o cümlədən banklar. Ona görə də "exchange"lərin banklar üzərində bir üstünlüyü yoxdur və onlara fəaliyyət göstərmək sərf etmir. Bu məsələdə banklar ilə "exchange"lər arasında yeganə fərq qeyri-iş saatlarıdır, qeyri-iş günləridir. Bank filialları, bank ofisləri saat 6-da bir qayda olaraq bağlanır, "exchange"lər isə işləyir. Amma bəzi bank filialları da daimi fəaliyyət göstərir və onların ünvanları bəllidir. Ona görə kimə təcili pul lazımdırsa, uzağı gedib orda dəyişəcək". "Bundan başqa, valyuta bazarında aktivlik yoxdur. Aktivlik yoxdursa, "exchange" qazanc əldə edə bilməyəcək" – o qeyd edib. Xarici tursitlərə gəlincə ekspert bildirib ki, onların çoxunda plastik kartlar var: "Həmin plastik kartlar ilə nağdsız ödəniş edə, Azərbaycan manatını bankomatdan çıxara bilərlər. Əgər xarici turistin plastik kartı yoxdursa, qeyri-iş saatlarında, qeyri-iş günlərində fəaliyyətdə olan banklardan gedib pulunu dəyişə bilər. Düşünürəm ki, bu gün "exchange"lərin fəaliyyətinə böyük ehtiyac yoxdur". Başqa bir iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə isə, 2016-cı ildə ölkədə valyutadəyişmə məntəqələrinin qapadılması doğru deyildi və 4 minə yaxın insan işsiz qaldı: "O zaman məzənnə ilə bağlı ajiotajın yarandığını nəzərə alaraq bu addımı atdılar. Amma, əksinə, "exchange"lər bağlandıqdan sonra "qara bazar" yarandı. Lakin bu məsələ Mərkəzi Bankın müdaxilələri ilə öz həllini tapdı. Hazırda qanunvericilikdə valyutadəyişmə məntəqələrinin yaradılması nəzərdə tutulur, amma bununla bağlı qanunvericilik çox sərtdir. Təxminən 100-120 min manata yaxın vəsait lazımdır ki, valyutadəyişmə məntəqəsi qanunda nəzərdə tutulmuş kriteriyalara uyğun olaraq açılsın. Bu da iş adamlarına və fiziki şəxslərə sərf etmir. Banklar isə valyutadəyişmə əməliyyatlarını həyata keçirirlər". Ekspertin fikrincə, depozit tələbi, yerin standartlara uyğun təşkili yəni, güllə keçirməz şüşə, yanmaz seyf və s. iş adamlarına sərf etmir. Xərclər çox olduğuna görə valyutadəyişmə məntəqələrinin açılması bu qədər yubanır: "Valyuta tənzimi haqqında" qanunda valyutadəyişmə məntəqələri ayrıca nəzərdə tutulub". Ekspertin fikrincə, valyutadəyişmə məntəqələrinin yaradılmasına ehtiyac var: "Exchange"lərin açılması üçün tələblər asanlaşsa, bu sahədə kifayət qədər iş yerlərinin yaradılması potensialı da var. Ən azı 2-3 min nəfərin işlə təmin edilməsi mümkün olar".
Qeyd edək ki, "Valyuta tənzimi haqqında" qanuna görə, bu fəaliyyət növü Azərbaycanda xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsini nəzərdə tutur və lisenziyalaşdırılan fəaliyyət növüdür. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alqı-satqısı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirilir. Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət edir. Ərizə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilir və həmin gün qeydiyyata alınır. Maliyyə bazarlarına nəzarət orqanı ən geci 3 iş günü müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməli və ya bu barədə məlumatı sifarişli poçt göndərişi vasitəsilə ona göndərməlidir. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan dövlət rüsumunun məbləği "Dövlət rüsumu haqqında" qanun ilə müəyyən edilir. Onu da qeyd edək ki, 2017-ci ildə Maliyyə Bazarlarına Nəzarət Palatası "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası"nı təsdiq edib.Bununla belə, proseslərin gedişindən və ekspertlərin dediklərindən anlaşılan odur ki, Elman Rüstəmovun 3 il öncəki yanlış addımı sayəsində işsiz qalan 4 mindən çox insanın "exchangelər"lə bağlı xoş gözləntisi hələlik bir xəyaldır. Yəni valyutadəyişmə məntəqələrinin yaxın müddətdə bazara dönüşü az ehtimal olunandır...
Orxan Həsənli