"Nabucco" layihəsinə yeni dəstək
12:11 10-10-2012
SİYASƏT
"Nabucco" layihəsinə yeni dəstək
İlham Şaban: "Bundan sonra bu layihənin zəruri bir tərəfdaşı kimi Azərbaycanın manevr imkanları xeyli genişlənəcək"
Vyanada (Avstriya) keçirilən "Nabucco" layihəsi çərçivəsində tranzit ölkələrin nazirlərinin toplantısında "Nabucco" Siyasi Komitəsi layihəyə sərmayəçilər və istehsalçılarda inam yaradan mövcud Hökumətlərarası sazişə tam siyasi dəstəyi təsdiq edib.
"Nabucco Gas Pipeline International GmbH." konsorsiumdan verilən məlumata görə, Komitə həmçinin "Nabucco" layihəsi üçün hazırkı Hökumətlərarası Saziş, Layihəyə Dəstək Sazişi, habelə Bolqarıstan sərhədindən başlayan layihə üzrə qüvvədə olan hüquqi və tənzimləyici çərçivənin tətbiq olunmasını təsdiqləyib. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev görüşdə iştirak edərək istehsalçı tərəfində baş verən son hadisələr haqqında ümumi məlumat verib.
Bəyannamədə deyilir ki, Türkiyə-Bolqarıstan sərhədindən başlayan layihənin (ilkin) işlənməsi, Türkiyənin Şərq və ya Cənub sərhədlərində məntəqələr kimi təsvir olunan ilkin başlanğıc məntəqədən asılı olmayaraq, "Nabucco" layihəsi anlayışına və Hökumətlərarası Saziş və Layihəyə Dəstək Sazişi şərtlərinə tam uyğundur.
"Nabucco Gas Pipeline International GmbH."ın icraçı direktoru Reynhard Mitçek qeyd edib ki, Siyasi Komitə "Nabucco" layihəsinə siyasi, qanunvericilik və normativ hüquqi səviyyələrdə dəstəyi bir daha vurğulayır. Bu öhdəlik "Nabucco"nun "Cənub Dəhlizi"ndə ən qabaqcıl boru kəməri layihəsi, Avropada və Türkiyədə olan bütün bazar iştirakçıları, qaz təchizatçıları, sərmayədarlar və sponsorlar üçün olduqca cəlbedici olmasında həlledici amildir: "Biz riskləri azaldır və möhkəm hüquqi təhlükəsizliyi maksimum dərəcədə təmin edirik. Bu dəstək mesajını alqışlayır, Avropa istehlakçısının seçim azadlığını və enerji təhlükəsizliyini təmin etmək məqsədilə iştirakçı dövlətlərlə işləməyi səbirsizliklə gözləyirik".
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın "Unikal"a bildirdiyinə görə, ""Nabucco" layihəsi çərçivəsində tranzit ölkələrin nazirlərinin toplantısında "Nabucco" Siyasi Komitəsi layihəyə sərmayəçilər və istehsalçılarda inam yaradan mövcud Hökumətlərarası Sazişə tam siyasi dəstəyin təsdiq edilməsi ondan xəbər verir ki, Avropa ilə Rusiya arasında uzun müddət davam edən energetika rəqabəti nəticəsində faktiki olaraq ölmüş "Nabucco" layihəsi yenidən dirilmək şansı əldə edib. Amma sözügedən layihə bu dəfə "Nabucco-West", yəni Nabucco-Qərb adı altında meydana çıxıb. Bolqarıstanın baş nazirinin də qatıldığı həmin toplantıda layihəyə yeni dəstəyin nümayiş etdirilməsi onu göstərir ki, Qərb dövlətləri bu layihənin gerçəkləşməsində israrlıdır. Bu toplantıda Azərbaycan və Türkiyənin də nümayəndə heyətlərinin iştirak etməsi layihə ətrafında bu günə qədər gedən proseslərin yeni mərhələyə keçməsindən xəbər verir. İndi artıq tam əminliklə danışmaq olar ki, "Nabucco-West" layihəsi yaxın illərdə ərsəyə gələcək".
Ekspertin sözlərinə görə, "Bundan sonra bu layihənin zəruri bir tərəfdaşı kimi Azərbaycanın manevr imkanları xeyli genişlənəcək. Çünki "Nabucco-West"-löə TANAP arasında seçimlər edə bilmək imkanı Azərbaycan üşün çox sərfəli və əlverişli mühit yaradacaq".
İlham Şabanın dediyinə görə, "Azərbaycanın mavi qaz ehtiyatlarının Qərbə daşınması üçün mövcud boru kəmərləri kifayət etmir. Azərbaycan "Şahdəniz" qaz yatagından əldə ediləcək qazın sözügedən layihə ilə nəqlini də nəzərdə tutduğundan Türkiyə ilə bir sıra maraqlarımız üst-üstə düşür. Düzdür, bu məqamda hər bir tərəfin marağı, milli maraqlarından doğur. Bir millət, iki dövlət olsaq da, hər bir dövlətin öz milli maraqları var. Azərbaycanın maraqlarını dövlət başçısı dəfələrlə yüksək kürsüdən elan edib. Bu, ilk növbədə Azərbaycanın və Şahdəniz iştirakçılarının kommersiya maraqlarıdır. Onlar qazın çıxarılması və nəqli üçün 20-22 milyard dollar vəsait sərf edəcək. Nəzərə alsaq ki, Şahdəniz-2 layihəsində hasilat da düz 20 il müddətinə biləcək. Bu isə, hər il azı 1 milyard dollar kapital qoyuluşu deməkdir. Vəsaitin geri qaytarılması üçün böyük risk tələb olunur. Bunun üçün qarant lazımdır. Qarantı isə dövlətlə biznesin vəhdəti təmin etməlidir. Bu vəhdət 2036-cı ilədək qazın çıxarılıb, dünya bazarında satılıb, gəlirin bölüşdürülməsini təmin etməlidir.
Qazın gəlirlərini neft gəlirləri kimi təsəvvür etmək olmaz. Məsələn, 2010-cu ilin nəticələrinə görə Azərbaycan Azəri-Çıraq-Günəşli yatağından 16 milyard dollar mənfəət nefti götürüb. Bu yalnız Neft Fonduna daxil olan mənfəətdir. Burada, ARDNŞ-nin gəlirlərindən söhbət getmir. Yəni, Şahdəniz qazının mənfəəti bundan qat-qat az olacaq. Ən yaxşı halda ildə 4 milyard dollar səviyyəsinə çatacaq.
Ekspertin sözlərinə görə, "Sözügedən layihə gerçəkləşəndə Türkiyə ilk dəfə olaraq qaz tranziti ölkəsinə çevrilir. Türkiyə həmçinin siyasi mahiyyəti qat-qat iqtisadi mahiyyətindən böyük olan layihəni reallaşdıracaq. Bu ölkənin ərazisindən ildə 10 milyard kub metr qaz keçəcək. Bunun müqabilində isə Avropa qiymətləri ilə hesablayanda qazancı ildə cəmi 250-300 milyon dollar olur. Bu Türkiyə kimi böyük dövlət üçün çox kiçik rəqəmdir. Ancaq, Türkiyənin siyasi dividentləri və təsir imkanları qat-qat artacaq".
Natiq
Digər Xəbərlər
2024-12-25 22:51:58
2024-12-25 22:10:12
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48