Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən Cəlilabad rayonunun quşçuluq sahəsində fəaliyyət göstərən bir qrup fermerə “Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib.
Unikal.org xəbər verir ki, rayon Baytarlıq İdarəsinin rəisi Vidadi Əliyev və baytarlıq mütəxəssisləri tərəfindən aparılan təlimin nəzəri hissəsi Cəlilabad Rayon Baytarlıq İdarəsində, praktiki hissəsi isə rayonun Sərhədabad kəndində yerləşən Şahin Süleymanova məxsus 24 min baş cücə saxlanılan təsərrüfatda baş tutub.
Təlimdə fermerlərə quşların nyukasl və çiçək xəstəlikləri, xəstəliklərin başvermə səbəbləri, iqtisadi zərəri, xəstəliklərə qarşı aparılan peyvəndləmə və digər baytarlıq tədbirləri barədə ətraflı məlumatlar verilib, xəstəliklərin profilaktikasında istifadə olunan vaksinlərin və başqa vasitələrin dövlət vəsaiti hesabına alındığı, təsərrüfatlarda saxlanılan quşlara təmənnasız tətbiq olunduğu bildirilib.
Sahibkarlara məxsus quşların xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd edilməsinin vacibliyini qeyd edən mütəxəssislər ilin əvvəlindən indiyədək idarə tərəfindən Cəlilabad rayonu ərazisində mövcud olan quşlarda nyukasl xəstəliyinə qarşı profilaktik peyvəndləmə aparıldığını diqqətə çatdırıblar.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.