Son günlərdə turist axının və səyahətçilərin sayının artması Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda zaman-zaman nisbi sıxlıqların yaranmasına səbəb olub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Unikal.org-a verilən məlumata görə, belə ki, gündəlik iş rejimində “Mazımçay” gömrük postunun idxal və ixrac nəzarət xəttləri vasitəsilə ümumilikdə 400 nəqliyyat vasitəsi sərhəddi keçirdisə, ötən gün bu gömrük postu vasitəsilə gömrük nəzarəti təmin edilməklə 440 nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olub, 460 avtomobil isə ölkəni tərk edib. Avqustun 6-da günün birinci yarısına qədər isə 194 nəqliyyat vasitəsinin ölkə ərazisinə girişi, 191-nin isə çıxışı təmin olunub. Hazırda “Mazımçay” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli şəkildə sərhədi keçməsi üçün lazımi bütün tədbirlər həyata keçirilir.
Qeyd edək ki, hər il turizm mövsümündə, xüsusilə avqust ayında ölkə ərazisinə gediş-gəlişlərdə ciddi artım müşahidə olunur. Turizm sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, eyni zamanda ölkə iqtisadiyyatındakı ciddi inkişaf bu il həm turistlərin həm də dincəlmək üçün xarici ölkələrə səyahət edən ölkə vətəndaşlarının sayının daha da artmasına səbəb olub.