Bu gün Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadır tipli kəsim məntəqələrinə infotur təşkil edib.
Unikal.org-un məlumatına görə, infotur çərçivəsində Sabunçu rayonu ərazisində fəaliyyət göstərən stasionar kəsim məntəqəsi və Xətai rayon ərazisində qurulan çadır tipli kəsim məntəqəsi ilə yaxından tanış olmaq imkanı yaradılıb.
AQTA-nın Heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə bildirib ki, Qurban bayramı günlərində heyvan kəsiminin qida təhlükəsizliyinin tələblərinə uyğun formada həyata keçirilməsi üçün çox ciddi hazırlıqlar gedir: “Biz daimi fəaliyyət göstərən kəsim müəssisəsinə və müvəqqəti olaraq hazırlanmış çadırtipli ət kəsimi məntəqələrinə baxış keçirdik. Qurban bayramı günlərində kəsilən heyvan ətlərində qida təhlükəsizliyinin tələblərinin qorunmasını təmin etmək üçün respublikada 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadırtipli kəsim yeri lazımi avadanlıqlarla təmin edilərək vətəndaşların ixtiyarına verilib.
Bura gətirilən heyvanlar həkim müayinəsindən keçir və baytarlıq şəhadətnamələri ilə təmin olunur. Heyvan sağlamlığı tam sübuta yetirildikdən sonra onun kəsiminə icazə verilir. Daha sonra kəsilmiş ət də baytar-sanitar ekspertizasından keçirilir. Yekunda isə ət müştərilərin istifadəsinə verilir".
30 saylı Qida Təhlükəsizliyinə Nəzarət məntəqəsinin baytar həkimi Mədət Qocayev bildirib ki, kəsimdən əvvəl yoxlanılan heyvanda kəsimdən sonra xəstəlik aşkarlanarsa, həmin ət utilizasiya edilir:
“Kəsim prosesindən əvvəl bütün heyvanlara kliniki baxış keçirilir. Baş nahiyyəsindən tutmuş, daxili orqanlara qədər bütün yoxlanışlar aparılır. Əgər xəstəliklə bağlı heyvanlarda hər hansı şübhəli məqam aşkarlanarsa, onu laboratoriya şəraitində yoxlanışa cəlb edirik. Daxili orqanlardan, xüsusilə ağciyər, qaraciyərdən, ətin özündən nümunələr götürülüb yoxlandıqdan sonra ətin yararlı olub-olmadığı haqqında yekun qərar verilir. Bu günə qədər xəstə heyvan olmayıb. Ümumiyyətlə, xəstə heyvanın kəsiminə icazə verilmir. Ət kəsimindən sonra daxili orqanlarda xəstəlik aşkarlanarsa, o ətlər dərhal utilizasiya edilir”.
Famil Fərhadoğlu