2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan meyvə və tərəvəz ixracını keçən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artırıb və ya nağd şəkildə 318.4 milyon dollara çatdırıb.
Bu barədə Unikal.org İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən məlumat verir.
Hesabat dövründə plastik və ondan hazırlanan məhsulların ixracı 103,3 milyon, pambıq lifinin ixracı 75,7 milyon, kimya məhsulları 45,6 milyon, alkoqollu və alkoqolsuz içkilər 15,5 milyon, pambıq iplik 14,6 milyon dollar dəyərində olub.
2018-ci ilin eyni dövrü ilə müqayisədə pambıq lifinin ixracı 2,6 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,2 dəfə, pambıq iplik 47 faiz, plastik və ondan hazırlanan məmulatlar 44 faiz, kimyəvi məhsullar 49 faiz artıb.
Qeyd edək ki, 2019-cu ilin birinci yarısında Azərbaycan ixracatı 9,98 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 1,3 milyard dollar və ya 15 faiz çoxdur. Xüsusilə, qeyri-neft ixracatı 127 milyon dollar və ya 15 faiz artaraq 979 milyon dollara çatıb.