Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib. 

Unikal.org-un məlumatına görə, nazirliyin strukturlarının və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda İqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev vurğulayıb ki, müşavirədə Azərbaycan Respublikasının Prezidenti 2019-cu ilin birinci yarımilliyində ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin icra olunduğunu qeyd edib, görülmüş işləri müsbət qiymətləndirib. 

Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasının dövlət başçısının inkişaf strategiyasının əsas hədəflərindən olduğunu vurğulayan Kollegiyanın sədri Şahin Mustafayev 2019-cu ilin əvvəlində böyük sosial paketin təsdiqləndiyini və bunun 4,2 milyon insanı əhatə etdiyini diqqətə çatdırıb. 

Sənayenin inkişafının əsas prioritetlərdən olduğunu qeyd edən İqtisadiyyat naziri ölkəmizin sənaye potensialının araşdırılmasının, bu istiqamətdə təhlillərin aparılmasının davam etdirilməsi barədə Nazirliyin aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib. 

Kollegiya iclasında qeyri-neft sənayesinin sürətlə inkişaf etdiyi, toxuculuq, qida, spirtli və spirtsiz içki, avtomobilqayırma, kimya, ağac emalı, mebel istehsalı sahələrində yüksək artıma nail olunduğu diqqətə çatdırılıb, bu sahələrin, eləcə də, gön-dəri emalı, balıqçılıq sahələrinin inkişafı istiqamətində görülən işlərin davam etdirilməsi barədə göstərişlər verilib.
İclasda Prezident İlham Əliyevin  iş yerlərinin yaradılması prosesinin davam etdirilməsi barədə tapşırıqlarına uyğun olaraq, özəl sektorda daha çox iş yerlərinin yaradılmasının stimullaşdırılması barədə müvafiq struktur bölmələrə konkret göstərişlər verilib.  

Şahin Mustafayev İqtisadiyyat Nazirliyinin fəaliyyətində müasir informasiya texnologiyalarının və mobil həllərin tətbiqinin daha da genişləndirilməsi barədə müvafiq strukturlara tapşırıqlar verib. Kollegiyanın sədri Şahin Mustafayev Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb. 

Kollegiya iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təltif olunmuş Nazirliyin bir qrup əməkdaşına orden, medallar və onların vəsiqələri təqdim edilib. İqtisadiyyat naziri Şahin Mustafayev verilən yüksək qiymətə görə Nazirliyin kollektivi adından dövlət başçısına dərin minnətdarlığını bildirərək, kollektivin göstərilən etimadı daim doğruldacağını qeyd edib. İclasda digər cari məsələlər də müzakirə edilib.