2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9 faiz üstələyərək 21,1 milyard manata bərabər olub.
Unikal.org xəbər verir ki, ticarət dövriyyəsinin 10,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-iyul aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,5 faiz və 3,2 faiz artıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,4 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 17,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,2 faizi ticarət müəssisələri, 49,3 faizi fərdi sahibkarlar tərəfindən, 30,5 faizi isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,5 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artıb, bazar və yarmarkalarda isə 5,1 faiz azalıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,1 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 153,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 152,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.