Sərkisyanın Sankt-Peterburqdan qayıdıb dərhal Qarabağa gəlməsi prezidentlərin Paris görüşündən sonra Ermənistan dövlət başçısının oxşar təxribatına bənzəyir.
 
Unikal.org xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu açıqlama verib. O bildirib ki, Sərkisyan döyüş mövqelərinin Lələtəpə yüksəkliyinə qədər gəlib çıxaraq sanki Azərbaycana meydan oxuyur:
 
"Yəqin bilir ki, növbəti danışıqlar da nəticəsiz qalarsa, İrəvan daha böyük bir zərbə alacaq. Sərkisyan Qarabağa gəlməklə mesaj verir ki, referendum məsələsi hələ də onlar üçün önəmlidir və bu "məsələ" həll olunmadan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasından söhbət gedə bilməz. Sərkisyan Xankəndidəki yerli separatçıları arxayın edir ki, danışıqlarda onun tərəfindən heç bir geri addım yoxdur. Sərkisyanın Sankt-Peterburqdan qayıdıb dərhal Qarabağa gəlməsi prezidentlərin Paris görüşündən sonra Ermənistan dövlət başçısının oxşar təxribatına bənzəyir. Paris görüşü bitən kimi Ermənistan ordusu işğal altındakı torpaqlarda hərbi təlimlərə başladığından Azərbaycan düşmənin helikopterini vurmaq məcburiyyətində qaldı".
 
Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan dünən Dağlıq Qarabağa səfər edib. Məlumata görə, Sərkisyan birbaşa cəbhənin cənub istiqamətinə (Füzuli-Cəbrayıl) üz tutub.