Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai ilə görüş keçirib.
Unikal.org xəbər verir ki, görüşdə BMTİP-in Azərbaycan Nümayəndəliyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında müzakirələr və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, 15 sentyabr 2015-ci il tarixində BMT-nin Davamlı İnkişafa həsr olunmuş Sammitində qəbul olunmuş "Yeni Dayanıqlı İnkişaf Gündəliyi - 2030" çərçivəsində BMT-nin institutları ilə sıx əməkdaşlıq əlaqələri qurulması imkanları genişdir və bu əməkdaşlıq üçün Azərbaycanda lazımi resurslar mövcuddur.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Q. İsakzai öz növbəsində 25-27 aprel 2016-cı il tarixində Bakı şəhərində keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə təşkil olunması ilə bağlı Azərbaycan tərəfini təbrik edib, sözügedən forumun BMT ilə Azərbaycan arasında əməkdaşlığa töhfə verəcəyini qeyd edib.
Əbülfəs Qarayev 29 iyun 2016-cı il tarixində BMT Baş qərargahında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun təqdimatının nəzərdə tutulduğu və hazırda nazirlik tərəfindən təqdimat mərasiminin təşkili üzrə iş aparıldığı barədə məlumat verib.