Ermənistan prezidenti Serj Sərkisyan Sankt-Peterburq görüşündən sonra Qarabağa ona görə gəlmişdi ki, erməni tərəfinin "indiki situasiyada torpaq güzəştə getmək niyyətində olmadığını" göstərsin. Və əgər lazım gələrsə döyüşsün.

Bu haqda Ermənistanda nəşr olunan "Qraparak" qəzeti yazır.

Qəzet yazır ki, hazırda Qarabağ məsələsində Ermənistanla Rusiyanın mövqeyi ancaq bir məsələdə üst-üstə düşür-status-kvonun saxlanılması və hərbi əməliyyatların başlanmasına imkan verilməməsi.

Bildirilir ki, digər tərəfdən aprel döyüşlərindən sonra Sərkisyan döyüş postlarında vəziyyətin necə dəyişdiyini öz gözləri ilə görmək istəyib. "Postlarda isə hər şey dəyişib. Bütün postlar istisnasız olaraq gecə müşahidə cihazları ilə təchiz edilib, bu cihazlar istənilən hərəkəti qeydə alır. Pilotsuz aparatlar verilib, hərbi texnikanı gizlətmək üçün xüsusi saxlanc yerləri qazılıb, indi texnikanı görmək mümkün deyil. Əvvəl isə texnika açıq havada, günün altında idi. Bu iki ay ərzində 20 il boyu görülməyən işlər görülüb"-qəzet yazır.

Bildirilir ki, aprel döyüşlərindən sonra Sərkisyan artıq üçüncü dəfədir Qarabağa gedir. "O, Qarabağdakı erməni qüvvələrinin komandanlarının qarşısında konkret vəzifələr qoyub və indi vaxtaşırı olaraq bu vəzifələrin necə yerinə yetirildiyini yerində müşahidə edir"-bunu qəzetə Qarabağdakı erməni rejiminin yüksək vəzifəlisi deyib.



Xatırladaq ki, aprel döyüşlərindən sonra Sərkisyan Müdafiə Nazirliyinin bir neçə generalını işdən qovub, orduda həbslər aparılıb. Bu, erməni ordusunun təchizatında və kəşfiyyat məlumatları il təchiz edilməsində ortaya çıxan ciddi problemlərlə bağlı idi. Məsələn, məlum olmuşdu ki, postların əksəriyyətində gecə müşahidə cihazları yoxdur. İndi belə görünür ki, ermənilər aprel döyüşlərindən dərs götürərək postları belə cihazlarla təchiz edib, habelə hərbi texnikanı, artilleriya vasitələrini təmas xəttinə yığaraq gizlədib, maskalayıb.

Azərbaycan Müdafiə Nazirliyi də təmas xəttində aprel döyüşlərindən sonra vəziyyətin dəyişməsini nəzərə alır. Və son irimiqyaslı təlimlərdən göründüyü kimi düşmən mövqelərinə qəfil həmlələrin yerini sarsıdıcı birbaşa zərbələr tuta bilər.