Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq barədə qərarı dünya bazarlarında yeni təlatümlər yaradıb. Artıq neft qiymətlərində ciddi enmələr müşahidə olunur.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AzVision.az-a açıqlamasında bildirib ki, Böyük Britaniyada Avropa İttifaqından çıxmaq barədə keçirilən referendumun ilkin nəticələri elan olunan kimi neft 6.5 faiz dəyərdən düşüb:
"Hazırda ötən günkü qiymətlərlə müqayisədə neftin qiyməti təqribən 5 faiz aşağı düşüb. 10 gün öncədən başlayaraq bazarda neftin qiymətinin 50 dollar civarında saxlanılması referendumun nəticələrindən irəli gələn gözləntilərlə bağlı idi. Gözləntilər vardı ki, Böyük Britaniya Avropa Birliyindən çıxmamaq barədə qərar verəcək və bu pozitiv notlar neft qiymətlərini yüksək həddə saxlamağa kömək edirdi".
İ.Şaban vurğulayıb ki, gözlənilənin əksi baş verdiyindən hazırda netin qiyməti aşağı düşür: "O cümlədən Böyük Britaniyanın milli valyutası son 30 ildə ən aşağı həddə düşüb. Təbii ki, bunlar ilk günün şok effektidir. Birjalar və hərraclardakı vəziyyət bu şok effektdən qaynaqlanır. Həmçinin Böyük Britaniyanın baş naziri Devid Kemeronun istefa verəcəyini elan etməsinə görə, qarşıdakı günlərdə həm birjalarda, həm maliyyə bazarlarında stabillik gözlənilmir. Sonrakı dövrlərdə, konkret olaraq yaxın bir neçə ayda Böyük Britaniya ilə Avropa Birliyi arasında olan münasibətlərin tənzimlənməsi bazarlara öz təsirini göstərəcək. Əgər hər iki tərəfdən pozitiv addımlar atılacaqsa, bu bazarda stabilliyin yaranmasına və öz axarında davamlı olmasına səbəb olacaq. Əksi baş verərsə, bir tərəf sərt bəyanatlar səsələndirəcək, digəri isə ona cavab verəcəksə, neft qiymətlərində ziqzaqvari halın şahidi olacağıq. Bu, bazarlar üçün arzuolunmazdır".
Qeyd edək ki, ötən gün Böyük Britaniyada ölkənin Avropa İttifaqından çıxması ilə bağlı referendum keçirilib. Referendumun nəticələrinə əsasən "Brexit"in lehinə 51,9 faiz səs verilib. Bununla da Böyük Britaniyanın Aİ-dən çıxması öz təsdiqini tapıb.