Cari ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyi üzrə müəyyən edilmiş 7 316 mln manat məbləğində illik və 3339,4 mln manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 49,7% və 108,8% səviyyəsində icra olunaraq 3632,8 mln manat, Dövlət Gömrük Komitəsi üzrə müəyyən edilmiş 3 702 mln manat məbləğində illik və 1 912,1 mln manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 55,8% və 108% səviyyəsində icra olunaraq 2 065,2 mln manat, qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirləri üzrə müəyyən edilmiş 684,4 mln manat məbləğində illik və 322,5 mln manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 46,2% və 98,1% səviyyəsində icra olunaraq 316,3 mln manat, Dövlət Neft Fondu üzrə isə müəyyən edilmiş 11364,3 mln manat məbləğində illik və 5682,2 mln manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 38,8% və 77,7% səviyyəsində icra olunaraq 4 413 mln manat məbləğində vəsait dövlət büdcəsinə daxil olub.

Unikal.org xəbər verir ki, bunu "Xalq qəzeti"nə müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

V.Gülməmmədovun sözlərinə görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri üzrə ümumi proqnozun icrasında 7,2% səviyyəsində kəsirin yaranması əsasən Dövlət Neft Fondundan daxilolmalar üzrə proqnozun 77,7% səviyyəsində və ya 1 269,2 mln manat az yerinə yetirilməsi ilə əlaqədar olub.

“Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən Vergilər Nazirliyi xətti ilə təmin olunan gəlirlərin həcmində əvvəlki illə müqayisədə artımların əldə olunması qeyri-neft sahələrindən daxilolmaların hesabına mümkün olub.Vergilər Nazirliyinin xətti ilə dövlət vergilərinin cari il üzrə müəyyən edilmiş proqnoz göstəricilərinə qarşı icrası istər ümumilikdə, istərsə də əsasən bütün vergi növləri səviyyəsində artıqlaması ilə icra olunub, mədən vergisi və Azərbaycan ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) yanacağa yol vergisi müəyyən kəsirlərlə yerinə yetirilib. Hesabat dövründə Vergilər Nazirliyi xətti ilə büdcə gəlirlərinin 69,1%-i qeyri-neft, 30,9%-i isə neft sahələrindən yığımların payına düşüb ki, bu da əvvəlki ilin birinci yarımilliyi ilə müqayisədə xüsusi çəkilərin faiz nisbətini 3,9% bəndi qeyri-neft sektorundan daxilolmaların xeyrinə dəyişib. 2019-cu ilin yanvar-iyun ayları ərzində büdcə daxilolmalarının həcmi neft sektoru üzrə 1121,8 mln manat, qeyri-neft sektoru üzrə isə 2 511 mln manat təşkil etməklə əvvəlki ilin eyni dövrü ilə müqayisədə, müvafiq olaraq 56 mln manat və ya 4,8% azalmış və 306,2 mln manat və ya 13,9% artıb”, - deyə V.Gülməmmədov vurğulayıb.

Palata sədri ümumilikdə, dövlət büdcəsinin neft sahələrindən gəlirləri cari ilin birinci yarımilliyində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 251,0 mln. manat və ya 4,3% azalaraq 5534,8 mln. manata endiyini, qeyri-neft sahələrindən gəlirləri isə 841,1 mln. manat və ya 20,6% artaraq 4915,7 mln manatadək yüksəldiyini də əlavə edib.