İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Azərbaycana və Türkmənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre ilə görüşüb.
Unikal.org xəbər verir ki, Şahin Mustafayev ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfiri təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
İqtisadiyyat naziri Azərbaycanla İsveçrə arasında əlaqələrin səmimi dostluq, qarşılıqlı hörmət, etimad və maraq prinsiplərinə əsaslandığını, yüksək səviyyəli qarşılıqlı səfərlərin, Azərbaycan Respublikası Prezidentinin ənənəvi olaraq hər il Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda iştirakının, ikitərəfli görüşlər zamanı aparılan müzakirələrin əməkdaşlığın inkişafında mühüm rolunu vurğulayıb.
Qeyd edilib ki, 8-ci iclası bu ilin iyununda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya da əlaqələrin genişləndirilməsi üçün əlverişli platformadır. Bildirilib ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafında, iş adamları arasında əlaqələrin genişəndirilməsində keçirilən tədbirlər, biznes-forumlar, ixrac missiyaları əhəmiyyətlidir.
Ölkələrimiz arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi əməkdaşlıq, ikiqat vergitutma və digər sahələrdə 25-ə yaxın sənəd imzalanıb.
Şahin Mustafayev diqqətə çatdırıb ki, hazırda Azərbaycanda tikinti, ticarət, nəqliyyat, xidmət, kənd təsərrüfatı və s. sahələrdə 60 İsveçrə kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan Cənubi Qafqazda İsveçrənin əsas ticarət tərəfdaşıdır. 2019-cu ilin yanvar-iyul aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 mlrd. dollar təşkil edib.
Azərbaycan və İsveçrə arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı, uğurlu investisiya əməkdaşlığı da həyata keçirilir. İnşaat materiallarının istehsalı sahəsində İsveçrənin "Holcim" şirkəti, İşveçrə şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında tikilmiş inşaat qatqıları zavodu bu sahədə əməkdaşlığın uğurlu nümunələridir.
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO), eləcə də Əməkdaşlıq və İnkişaf Agentliyi (SDC) ilə ölkəmizdə özəl sektorun inkişafı, maliyyə və s. sahələrdə 60-dan artıq layihə üzrə əməkdaşlıq həyata keçirilir.
Görüşdə Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, özəl sektorun inkişafı istiqamətində aparılan islahatlar, nəqliyyat-tranzit imkanları barədə məlumat verib, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensialı diqqətə çatdırıb.
Səfir xanım Muriel Peneveyre ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycandakı sənaye parklarında İsveçrə şirkətlərinin iştirakı ilə birgə müəssisələrin yaradılması, enerji, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.