Məleykə Abbaszadənin gözlənilməz hücumu
15:29 13-10-2012
CƏMİYYƏT
Məleykə Abbaszadənin gözlənilməz hücumu
TQDK sədri "dərslik bazarı"na əl gəzdirəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il istifadəyə verilmiş I-V sinif dərsliklərinin monitorinqinə başlayıb. Bunu TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.
Onun sözlərinə görə, bununla yanaşı Komissiyada dərs vəsaitlərinin məlumata bazası yaradılır: "Bununla bağlı əlavə informasiya əldə etmək üçün Təhsil Nazirliyinə müraciət olunub. Belə ki, hər bir dərs vəsaitinin məzmunu, istifadə olunmuş ədəbiyyatların kataloqu haqqında məlumatlar istənilib. Beləliklə, TQDK-da hər bir dərs vəsaiti haqqında məlumat bazası yaradılacaq".
Qeyd edək ki, dərsliklərlə bağlı narazılıqlar yeni deyil. Amma Məleykə Abbaszadənin qurumunun artıq bununla bağlı araşdırmalar başlatması təzə xəbərdir.
Ekspertlər dəfələrlə Azərbaycanda çap olunan dərsliklərin keyfiyyətinin qənaətbəxş olmadığını deyiblər. Onlardan biri - XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin sözlərinə görə, keyfiyyətin qənaətbəxş olmaması səbəbindən dərsliklər bir tədris ilindən növbəti tədris ilinə çatdırıla bilmir: "Dərsliklər primitiv poliqrafiya üsulları ilə çap olunur. Üzləri nazik cildlənir və heç bir illik tədris ilində istifadəyə dözə bilmir. Kitablar tez bir zamanda yarasız vəziyyətdə düşürlər. Heç olmasa həftə ərzində daha çox istifadə edilən dərsliklərin üz qabıqları daha qalın kağızla cildlənməlidir".
E.Əliyev dərsliklərin çap keyfiyyəti üzərində nəzarət və monitorinq mexanizminin olmasını vacib sayır. Onun sözlərinə görə, belə monitorinqlər dövlət, müstəqil ekspertlər və ya qeyri-hökumət təşkilatları tərəfindən də aparılmalıdır: "Postsovet məkanında ən keyfiyyətsiz dərsliklər Azərbaycanda çap edilir. Monitorinq metodu olmadığından bütün bu məsələlər nəzarətsiz qalıb". Mərkəz rəhbəri dərslik bazarında apardıqları tədqiqatlar zamanı üzləşdikləri bəzi faktlardan da danışıb: "Apardığımız tədqiqat zamanı maraqlı bir fakt ortaya çıxdı. Standartlara görə, dərsliklər 80 qramlıq kağızda çap olunmalıdır. Amma müşahidə etdik ki, dərsliklər 50-60 qramlıq kağızlarda çap edilib. Bu keyfiyyət baxımından bir-birindən kəskin fərqlənən kağızlardır və o deməkdir ki, Azərbaycanda çap edilən dərsliklər standartlara uyğun gəlmir". E.Əliyev deyib ki, ölkədə dərsliklərin çapı ilə məşğul olan poliqrafiya müəssisələri arasında rəqabət mühiti yoxdur: "Çünki, Təhsil Nazirliyi bəzi nəşriyyatlara üstünlük verir, məsələn "Təhsil" nəşriyyatına. Nazirliyin daha yüksək poliqrafiya xidmətləri həyata keçirən nəşriyyatlarla müqavilələri yoxdur".
Məktəbli dəftərlərinin də keyfiyyətinə toxunan mərkəz rəhbəri burada da vəziyyətin ürəkaçan olmadığını və dəftərlərdə şagirdlərin yaş səviyyəsinə, psixologiyasına uyğun olmayan şəkillərin əks etdirildiyini deyib.
Qaldı ki TQDK-nın dərslik monitorinqinə, bu monitorinqin nəticələrinin ciddi əks-səda yaradacağı və "dərslik bazarı"ndakı anarxiyanı ortaya çıxaracağı şübhəsizdir. Bundansa TQDK sədrinin "əzəli və əbədi düşmən"i Misir Mərdanov itirə bilər. Çünki dərslik müəllifləri Mərdanova yaxın şəxslərdir, ortaya çıxacaq nöqsanlar həm də təhsil nazirini pis vəziyyətdə qoyacaq.
Hətta mümkündür ki, növbəti ildən artıq Mərdanovun dərslik müəllifi olan adamlarının çoxu "vurulsun".
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04