"Rəqib öz meydanında oynayırdı. Atmosfer də bizə çətinlik yaradırdı".
Unikal.org xəbərverir ki, bunu İspaniyanın "Sevilya" klubunun baş məşqçisi Xulen Lopeteqi deyib.
Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olan əndəlüs təmsilçisi Bakıda 3:0 hesablı qələbə qazanıb. Oyunsonrası mətbuat konfransında "Sevilya"nın 53 yaşlı çalışdırıcısı bildirib ki, hesabauyğun layiq oyun göstəriblər: "İlk qol hər şeyi dəyişdi və ondan sonra növbəti qolları vurmaq asanlaşdı. "Qarabağ"ın təcrübəli komanda olması hiss olunurdu. Üzərində işlənmiş komandadır. Gözlədiyim “Qarabağ”ı gördüm. Yetirmələrimdən hər hansı bir futbolçunu qeyd etmək istəməzdim. Komanda şəklində yaxşı bir kollektivə qalib gəldik".
O deyib ki, Çempionlar Liqasında Kiprin APOEL klubu ilə “Qarabağ”ın hər iki oyununu izləyib: “Qarabağ” onları yarışdan kənarlaşdıra bilərdi. Eyni zamanda, APOEL də “Ayaks”a qalib gələ bilərdi. Bu üzdən elə bir fərq deyə bilmərəm".
Təcrübəli mütəxəssis qrupun digər oyununda “Düdelanj”ın APOEL-ə səfərdə 4:3 hesabı ilə qalib gəlməsinə də münasibət bildirib: "Futbolda təəccüblü heç nə yoxdur. Heç vaxt öncədən “qələbə qazanmışam” düşüncəsində olmamalısan".
X. Lopeteqi 10 ildən sonra “Qarabağ”a öz meydanında 3 qol vurmalarından da danışıb: "Bu statistika barədə məlumatım yox idi. APOEL-ə 0:2 hesabı ilə uduzduğu oyunda da “Qarabağ” kifayət qədər qol vəziyyətləri yaratmışdı".