Xəbər verdiyimiz kimi, sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə Azərbaycan Ordusunun əsgəri Abdurrəhmanov Ramin Şövkət oğlu ermənilər tərəfindən vurulub.

Unikal.org şəhid Ramin Abdurrəhmanov haqqında yeni məlumatlar əldə edib.

Belə ki, 19 yaşlı R.Abdurrəhmanov əslən Quba rayonun Qırmızı qəsəbəsində anadan olub. O, ailənin kiçik övladı olub. R.Abdurrəhmanovun böyük qardaşı hərbçidir. Özü İ.Xanukov adına Qırmızı qəsəbə 1 №-li tam orta məktəbin 9-cu sinifini bitirib. 

Müəllimlərinin Unikal.org-a verdiyi məlumata görə, R.Abdurrəhmanov məktəbi  9-cu sinifə qədər oxuyub. Təhsilini yarımçıq qoymasına səbəb isə ailəsinin imkansız olması olub.

"Ramin məktəbdə ən nizam-intizamlı şagird olub. Ailəsi (ata və anası) ilə birlikdə qəsəbədə yaşayıb. Atası infarkt keçirdiyindən ailənin yükü onun üzərinə düşüb.  O, ailəsini dolandırmaq üçün çalışırdı Həmçinin güclü idmançı olub. Dəfələrlə idmanda həmyaşıdları arasında respublika yarışlarının qalibi olub". 

Qeyd edək ki, 19 yaşlı R.Abdurrəhmanov Quba rayonun Qırmızı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn ediləcək.