Sosial şəbəkələrdə “Təzə Bazar” adlanan satış mərkəzində vəhşi təbiətdən götürülmüş heyvanların saxlanması və satışı ilə bağlı yayılan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı “Təzə Bazar”da 1 yenot, 4 kirpi və 2 tısbağanın satıldığı müəyyən edilib və heyvanlar satışdan çıxarılıb. Satışla məşğul olan şəxsin kimliyinin müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbir görülməsi üçün Nəsimi Rayon Polis İdarəsinə müraciət olunub.  

Yenot  ETSN-nin Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.

Baytar həkimlərin nəzarəti altında müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq. Digər heyvanlar isə vəhşi təbiətə buraxılıb.