Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Avropa Dilləri günü münasibətilə tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbir gənc və yaşlı insanlarda dil öyrənməyi və ya mövcud dil bilikləri ilə xüsusi qürur duymağı aşılamaq, insanların bir sıra dilləri öyrənmələrinin asanlaşdırılması və təbliği üçün müvafiq təşəbbüsləri dəstəkləmək məqsədilə təşkil olunub.
Avropa İttifaqı Nümayəndəliyinin Azərbaycandakı rəhbərinin müavini Denis Daniilidis, Macarıstanın Fövqəladə və Səlahiyyətli səfiri Viktor Sederkenyi, Rumıniyanın Fövqəladə və Səlahiyyətli səfiri Dan İanku, Xorvatiyanın Fövqəladə və Səlahiyyətli səfiri Branko Zebiç, Türkiyə Cümhuriyyəti səfirinin birinci müavini Barış Saygın, Yunanıstanın Azərbaycandakı Missiya başçısının müavini, Baş konsul Foteyni Karakatsani və səfirliyin əməkdaşı Mariya Delaki, Belçika Krallığının Missiya başçısının müavini Denis Naets, Serbiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycan Respublikasının İndoneziyada və Hindistanda səfiri olmuş İbrahim Hacıyev və ölkənin digər ali məktəblərinin nümayəndələri tədbirdə qonaq olublar.
ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla bu günün yalnız Avropa üçün deyil, bütün dünya üçün əlamətdar olduğunu deyib. Akademik bildirib ki, Avropa dilləri günü anlayışını Avropada yaşayan xalqların dillərinin bayramı və Avropada istifadə edilən dillərin bayramı olaraq iki cür şərh etmək mümkündür: “Mənə elə gəlir ki, bu dilləri bir-birindən ayırmaq olmaz və bu gün Avropada işlək olan bütün dillərin bayramı kimi qeyd olunmalıdır. Avropa dillərini öyrənmək Avropa mədəniyyətinə, dünyagörüşünə, dəyərlərinə yaxınlaşmaq deməkdir. Azərbaycan dilini də Avropa dillərindən biri hesab etmək mümkündür. On doqquzuncu əsrdə bir çox müşahidəçilərin dediyi kimi, Azərbaycan dilinin Qafqazadakı rolu həmin dövrdə Fransanın Avropadakı rolu kimi yüksək idi. Azərbaycan dili bu gün də Azərbaycanda yaşayan xalqların ümumi dilidir, müxtəlif xalqlara Avropa mədəniyyətini öyrənməyə vasitəçilik edir. Universitetimizdə təmsil olunan 20-dən çox ölkənin dil və mədəniyyət mərkəzləri bu gün təkcə öz ölkələrini Azərbaycana yaxınlaşdırmaq deyil, eyni zamanda Azərbaycanı da öz ölkələrinə yaxınlaşdırmaq məqsədi güdür. Ona görə də bu gün bu bayramın Azərbaycanda qeyd edilməsi Azərbaycan mühitinin, ictimaiyyətinin və dövlətinin multikulturalizm ənənələrinə nə qədər sadiq olduğunu bir daha göstərir. Prezident İlham Əliyevin dediyi kimi, multikulturalizm ideyaları, Azərbaycan multikulturalizmi modeli bütün dünya üçün maraqlıdır”.
Avropa İttifaqı Nümayəndəliyinin Azərbaycandakı rəhbərinin müavini Denis Daniilidis Avropa dilləri gününə həsr olunan tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirib. O, multikulturalizmin, dil müxtəlifliyinin Avropa İttifaqının əsasını təşkil etdiyini söyləyib. Dünyada miqyasından asılı olmayaraq, bir sıra xalqlara məxsus dillərin mövcud olduğunu deyən D.Daniilidis Avropa İttifaqının bunları qəbul etdiyini diqqətə çatdırıb. Xarici dillərin öyrənilməsi ilə bağlı danışan qonaq, eyni zamanda ana dilin itirilməməsindən, onun hər kəsin milli kimliyi olmasından söz açıb.
Rumıniyanın səfiri Dan İanku, Macarıstanın səfiri Viktor Sederkenyi, Yunanıstanın Azərbaycandakı Missiya başçısının müavini, Baş konsul Foteyni Karakatsani, Belçika Krallığının Missiya başçısının müavini Denis Naets dillərin öyrənilməsinin əhəmiyyətindən danışıblar. Qonaqlar təmsil etdikləri ölkələrin dillərinin və mədəniyyətlərinin Dillər Universitetində yüksək səviyyədə tədrisi və təbliğində göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
“British school in Baku” və “Landau school in Baku”nun şagirdləri mahnılar oxuyub, rəqslər nümayiş etdiriblər.
Daha sonra tədbir iştirakçıları müxtəlif ölkə bayraqlarının, adət-ənənələrini əks etdirən rəmz və bukletlərin olduğu stendlərə baxış keçirilib, milli mətbəx nümunələrinin dadına baxılıb.
Qeyd edək ki, Avropa Dillər Günü 6 dekabr 2001-ci ildə Avropa Şurası və Avropa İttifaqının birgə təşkil etdiyi Avropa Dillər İlinin (2001) təsis konfransında Avropa Şurası tərəfindən elan edilib. Bu günün təsis edilməsində məqsəd Avropada dil öyrənməni təşviq etmək, dil öyrənməyin əhəmiyyəti barədə məlumatı yaymaq, çoxdillilik və mədəniyyətlərarası anlaşmanı artırmaq üçün öyrənilən dillər çeşidini artırmaq, Avropanın zəngin dil və mədəni müxtəlifliyini təbliğ etmək, məktəbdə və məktəbdənkənar yerlərdə dil öyrənməni təşkil etməkdir.