2019-2020-ci tədris ili üzrə müddətsiz müqavilə əsasında 3260 müəllim işə qəbul olunub.
Təhsil Nazirliyindən Unikal.org-a verilən məlumata görə, onlardan 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərə işə qəbul olunub.
İndiyədək 3615 nəfər müddətli müqavilə əsasında müəllim adını qazanıb. Hazırda müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu prosesi davam edir.
Qeyd edək ki, ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilib, 10 mindən çox müəllim bu tədbirlərdən faydalanıb.
Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı təqribən 55 min olub.
Bu il ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanlardan hər 4 nəfərdən biri və ya 25 faizi müəllimlik ixtisasını seçib.