Millət vəkilləri arasında yeganə dənizçi mən olmuşam. Dünya okeanlarını gəzmişəm. Sualtı gəmidən tutmuş digər hərbi gəmilərədək üzüb xidmət etmişəm.
Unikal.org bildirir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Regional Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, həmçinin Gənclər və idman komitələrinin üzvü Adil Əliyev deyib.
Millət vəkili qeyd edib ki, o, əslində ixtisasca hərbçidir: "Mən 5 il Rusiyanın Sankt-Peterburq şəhərində Ali Hərbi Dənizçilik Akademiyasında təhsil almışam, sonra məzun olmuşam. Daha sonra Azərbaycanda Hərbi Dəniz Qüvvələrində və Quru Qoşunlarında xidmət etmişəm. Zabitəm, şturmanam. Baş leytenant olanda isə polis sisteminə keçmişəm. Amma 1994-cü ilədək hərbçi olmuşam".
A. Əliyev onu da əlavə edib ki, bu gün sağlamlığı yerində olan bütün gənclər Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyi özünə şərəf bilməlidir.