Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Sumqayıt şəhərinin 12-ci mikrorayonunda, məcburi köçkünlərin yeni yaşayış məhəlləsində olub, burada fəaliyyət göstərən icmanın üzvləri ilə görüşüb.

Unikal.org xəbər verir ki, Dövlət Komitəsinin sədri görüş iştirakçılarına qaçqınlarla və məcburi köçkünlərlə iş sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin məqsəd və prinsipləri, prioritetləri barədə məlumat verib. Qeyd edilib ki, xalqın sosial rifahının yüksəldilməsinə yönəldilmiş sosial-iqtisadi islahatlar çərçivəsində məcburi köçkünlərin də yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülür. Onlara dövlət büdcəsindən verilən vahid aylıq müavinətin, yeni salınan qəsəbələrin sayı ilbəil artır,  hər il əvvəlkindən daha çox sayda məcburi köçkün ailəsi tam təmirli rahat mənzillərə köçürülür.  

Birinci vitse-prezident xanım Mehriban Əliyeva əhalinin bu həssas kateqoriyasına aid olan vətəndaşların problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərir. Müvəqqəti sığınacaqlarda hələ də ən ağır vəziyyətdə yaşayan məcbiri köçkünlər yeni mənzillərə birinci növbədə köçürülürlər.

İcma şurasının sədri, Laçın rayonundan olan məcburi köçkün Qəzənfər Hüseynov görüşdə çıxış edərək, müharibədən əziyyət çəkən, doğma yurdundan didərgin düşən insanlara göstərilən hərtərəfli qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirib.  O, icmanın məqsədlərindən danışarkən qeyd edib ki, məcburi köçkülər arasında hüquqi maarifləndirmə işinin aparılması,  onların məşğulluğunun artırılmasına ictimai dəstəyin təmin olunması,  gənclər arasında vətənpərvərliyin, müstəqil dövlətçilik ideyalarının və sağlam həyat tərzinin təbliği qarşıya mühüm vəzifə kimi qoyulub. Bundan başqa, məcburi köçkünlərin sosial-məişət probleminin həllinə yardım göstərilməsi, qəsəbədə birgəyaşayış qaydalarına əməl edilməsinə ictimai nəzarətin təşkili də icmanın fəaliyyətində mühüm istiqamətlərdir. Ən başlıcası, icma məcburi köçkünlərin işğaldan azad ediləcək doğma yurda qayıdışına hazırlıq məsələsini hər an gündəlikdə saxlayacaqdır.

Dövlət Komitəsinin sədri qarşıya qoyulan xeyirxah və vacib vəzifələrin yerinə yetirilməsində icma üzvlərinə uğurlar  arzulayıb, onların fəaliyyətinə lazımi dəstək veriləcəyini bildirib.
Görüş səmimi söhbət şəraitində keçib, məcburi köçkünlərin müraciətləri dinlənilib və qeydə alınıb,  onların qaldırdıqları məsələrin həlli üçün müvafiq tədbirlər müəyyənləşdirilib.