Atatürk parkı təmir olunaraq yenidən paytaxt sakinlərinin istifadəsinə verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Unikal.org-a verilən məlumata görə, Atatürk prospektində yerləşən 7 hektarlıq parkın yenidənqurulması ilə əlaqədar parkın ərazisində 36,400 kv.m. yaşıllıq örtüyü, 13,800 kv.m. dekorativ daş örtüyü, hər biri 1000 metr olan müxtəlif rəngli velosiped və rezin qaçış  zolağı salınmışdır. Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılmış, parkın 3 hissəsində idman trenajorları və uşaq əyləncə qurğuları, 2 yerdə şahmat meydançası quraşdırılıb.

Ümumilikdə, parkda landşaft dizaynı üzrə mütəxəssisləri tərəfindən botanika bağı elementləri yaradılaraq 7300 ədəd xarici və yerli mənşəli ağac və kol bitkiləri əkilmiş, 131 ədəd yeni işıqlandırma dirəyi quraşdırılmış, 140 ədəd yeni oturacaq və  100 ədəd zibil qutusu  qoyulmuşdur. Parkın su təchizatını təmin etmək üçün 4 ədəd subartezian quyusu qazılmış, 3 yerdə yeraltı çən qoyularaq suvarma üçün nasos məntəqələri tikilmiş, park yeni avtomatik suvarma sistemi ilə  təchiz edilib.

Parkın köhnə torpaq örtüyü çıxarılaraq yeni münbit torpaq örtüyü ilə əvəz olunmuş, yeni qazon örtüyü salınıb.