Millət vəkili Çingiz Qənizadə bu gün saytların birində qardaşlarının və yaxın qohumlarının banka borcu olması barədə yayılmış məlumatlara aydınlıq gətirib.
Çingiz Qənizadə mətbuatdakı məlumatı oxuduqdan sonra qardaşı ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırıb və bununla bağlı Unikal.org-a açıqlama verib.
“Bu gün saytların birində belə bir məlumat gedib ki, "Accessbank" mənim qardaşım - Gündüz Qənizadə və ona zamin durmuş Feyruz Qənizadə, M.Qəniyeva, Rövşən Əfəndiyev və Ruslan Həşimova qarşı Ağdaş Rayon Məhkəməsində iddia qaldırıb.
Qeyd edim ki, mənim qardaşım Gündüz Qənizadə uzun illərdir Ağdaş rayonunda diş həkimi kimi fəaliyyət göstərir, 60 yaşı var. O, “Accessbank”dan bir neçə dəfə kiçik məbləğdə kredit götürüb və vaxtında qaytarıb. Yuxarıdakı məlumatda adı gedən qohumlarım isə kredit götürülərkən zamin duran şəxslərdir. Axırıncı kredit 17 min manat dəyərindədir və qardaşım kredit şərtlərinə uyğun olaraq, buna görə evini girov qoyub. Götürülmüş kredit onun həkimlik fəaliyyəti ilə bağlı lazımi texniki avadanlıqların alınması üçün nəzərdə tutulub. Məndə olan məlumata görə, o, kreditin bir hissəsini axırıncı inflyasiyaya qədər ödəyib. Sonrakı dövrdə bankla onun arasında fikir ayrılığı yaranıb .
Daha sonra bank qardaşım Gündüz Qənizadəni və yuxarıda adları keçən zamin durmuş digər şəxsləri mülki qaydada məhkəməyə verib. Sonra tərəflər arasında danışıqlar başlayıb və məhkəmədəki mülki iş baxılmamış saxlanılıb.
Onu da qeyd edim ki, bu gün yüz minlərlə insan hər hansı bir işini görmək üçün banklara üz tutur və burada qeyri-adi heç nə yoxdur.
Bu məlumatın mətbuata ötürülməsi görünür ki, məqsədyönlüdür.
Hesab edirəm ki, bu informasiyanı mətbuata ötürərək mənim təmiz reputasiyama kölgə salmaq istəyənlərin arzusu ürəyində qaldı”.