Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov ölkəmizdə səfərdə olan BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAİDS) Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisi professor Mişel Kazaçkini qəbul edib.
Unikal.org xəbər verir ki, görüşün əvvəlində qonaqları salamlayan komitə sədri Əhliman Əmiraslanov Səhiyyə komitəsinin yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verdi.
Professor Kazaçkin də öz növbəsində görüşün təşkilinə görə təşəkkür edərək, 3 gün öncə BMT-nin Əhali Fondunun 25 illiyinə həsr olunmuş tədbirdə Əhliman Əmiraslanova təqdim olunmuş mükafat münasibəti ilə komitə sədrini və komitənin bütün üzvlərini təbrik etdi.
Daha sonra görüş iştirakçıları İİV/QİÇS, dərmanlara davamlı vərəm və hepatit xəstəliklərinin yayılmasının qarşısının alınması sahəsində ölkəmizin əldə etdiyi uğurlar, mövcud çətinliklər, eləcə də bu istiqamətdə BMT və beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə göstərilə biləcək dəstəklə bağlı müzakirələr apardılar.
Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev və komitə üzvləri - Sədaqət Vəliyeva, Məlahət İbrahimqızı və İlham Məmmədov da iştirak edib.