Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 25-də orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.
TQDK-nin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, IX sinif üzrə keçirilmiş buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib. 2 nəfər qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirtməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması) imtahandan xaric edilib, 1 nəfərin isə sual kitabçası və cavab kartını imtahan binasından çıxartmağa cəhd göstərdiyi üçün imtahan nəticələri ləğv olunub. İştirakçılardan 103 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.
XI sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 24679 şagirddən isə 289 nəfəri imtahana gəlməyib. 21 nəfər qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirtməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması) imtahandan xaric edilib. İştirakçılardan 154 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.