Paytaxtın Xətai rayonunda kütləvi şəkildə ağaclar kəsilib.

Bu barədə vətəndaş Arif Mahmudov Unikal.org-a müraciət edib. O, qeyd edib ki, Xətaidə "yaşıl soyqırım" törədilib:

"Sahibkarlarla, icra hakimiyyətinin işçiləri əraziyə gəlib, həyətdə olan ağacları kəsdilər. Camaata da yalandan dedilər ki, bu ərazi plana düşüb, sizi köçürəcəyik. Neçə ağacı kötüyündən doğrayıb, hər kəsin gözü önündə yük maşınına yığıb apardılar. Bunların hamısı icra hakimiyyətinin gözləri qarşısında olub. Sonra həyətin bir hissəsini hasarladılar. Həmin ağacların altında sakinlər otururub, istirahət edirdilər. Xətai rayon icra hakimiyyətinin saxta qərarı ilə obyekt tikintisinə başladılar. Həyətda avtoyuma məntəqəsi tikmək istəyirdilər. Biz sakinlərin etirazından sonra işləri dayandırdılar. Hələ də məhəlləni abadlaşdırmırlar. Sakinlərin oturub, istirahət etməyə, uşaqların oynamağa yeri yoxdur. Toz-torpaqdan həyətə düşmək olmur.

Bundan əlavə, Y.Səfərov küçəsində olan parkingi də sökdülər. İndi həmin avtomobilləri həyətimizdə saxlayırlar. Evə, həyətə girməyə sakinlər zülm çəkir. Sakinlər həmin əraziyə yeni ağac tingləri əksələr də, həmin adamlar deyiblər ki, xeyri yoxdur, onsuz da, tikintini aparacağıq. Bundan əlavə, sakinləri müxtəlif vasitələrlə də ələ almağa çalışırlar. Xətai rayon icra hakimiyyətinə, Etibar müəllimə müraciət etsək də, şikayətimizə məhəl qoyan olmadı. Başçı olmadığına görə, oranın işçiləri bizə əhəmiyyət vermir. Biz məhəllə sakinləri ölkə başçısı cənab İlham Əliyevdən və birinci xanım Mehriban Əliyevadan  xahiş edirik ki, bu məsələni nəzarətə götürüb, sakinlərə kömək etsinlər."