Qaradağ rayonun icra hakimiyyəti Müşfiqabad qəsəbəsində Mikayıl Müşfiqin büstünün sökülməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.
İcra hakimiyyətindən Unikal.org-a verilən məlumata görə, təqribən 30 il bundan əvvəl beton pyedestal üzərində gipsdən qoyulmuş büst yararsız vəziyyətə düşdüyünə, müasir tələblərə cavab vermədiyinə, üz cizgilərinin şairin görünüşünü ifadə etmədiyinə görə onun əvəzinə yeni abidənin hazırlanıb qoyulması Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən qərara alınıb.
Məlumat üçün bildiririk ki, hər dəfə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsində keçirdiyi səyyar görüşlərdə qəsəbə sakinləri müraciət edərək abidənin Mikayıl Müşfiqin adına layiq olmadığını və dəyişdirilməsini xahiş ediblər.
Abidənin yenisi ilə əvəz olunması barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə müraciət olunmuş və müsbət cavab alınıb.
Qaradağ Rayon İcra Hakimiyyətinin sifarişi ilə abidə hazırlanıb. Sentyabr ayının 30-da ağ mərmərdən yonulmuş müasir tələblərə cavab verən büst qırmızı mərmərlə üzlənmiş pyedestal üstünə qoyulub.
Eyni zamanda Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən abidənin ətrafında genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılmaqdadır. Yararsız vəziyyətdə olan əvvəlki abidə isə götürülüb.
Yaxın günlərdə yeni qoyulmuş abidənin açılış mərasimi keçiriləcəkdir.