Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2010-cu il 16 iyul tarixli 1035 nömrəli sərəncamında dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2010-cu il 16 iyul tarixli 1035 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 677; 2014, № 2, maddə 112) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. "Mahmud Kərimov" sözləri "Akif Əlizadə" sözləri ilə, "Əli Şəfiyev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini" sözləri "İsmayıl Bağırov - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini" sözləri ilə, "Fuad İsmayılov" sözləri "Qalib İsrafilov" sözləri ilə, "Siyavuş Azakov - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi" sözləri "Vüqar Hüseynov - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi rəisinin müavini" sözləri ilə əvəz edilsin və həmin sözlərdən sonra "Adil Qəribov - Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin sədri" sözləri əlavə edilsin;

1.2. "Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri" sözlərindən sonra "Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri" və "Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri" sözləri, "Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini" sözlərindən sonra "Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini" sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamla edilən dəyişikliklər barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə bildiriş göndərsin.