Dünən:
Hələlik 2017-ci ilin may ayından başlayaq…
Azərbaycan Dillər Universitetində tələbələr arasında çox ciddi şəkildə gərginlik olduğu dönəmdə musavat.com-a aksiya ilə bağlı açıqlama verən dekan Vüsalə Ağabəyli demişdi:
“Bunlar oxuyan deyillər. Heç biri oxumur. Oxuyan uşaqlarımızın heç biri burada yoxdur”.
Sonra isə Vüsalə Ağabəyli jurnalistin “Bəs onlar oxumadan 4-cü kursa qədər necə gəliblər” sualına isə cavab verə bilməmişdi. Söhbət yüzlərlə tələbədən gedirdi.
Bu gün:
Bu gün isə Vüsalə Ağabəyli universitetin müəllim və tələbə kollektivini savadsızlıqda ittiham edir. Deyir ki, bu universitetin tələbələri universiteti bitirdikdə dili bilmirlər.
“Mən fəal YAP-çıyam” deyir, amma Nəsimi rayon YAP təşkilatının rəsmiləri bir çox dəfə iclaslarda onun fəaliyyətindən narazı olduqlarını bildirirlər.
***
Dünən:
Dəfələrlə müxtəlif yığıncaq və tədbirlərdə Kamal Abdullanın universitetdə yaratdığı yüksək abu-havadan bəh-bəhlə danışan dekan yüzlərlə tələbənin gözü qarşısında akt zalında onun şeirlərini şövqlə səsləndirirdi.
Bu gün:
Bu gün gördüyü əməllərinə görə töhmət alandan sonra isə o deyir ki, Kamal Abdulla tədrisdə cinayətlər törədir.
Qeyd: “Cinayət” ondan ibarətdir ki, Kamal Abdulla imtahanlar zamanı tələbələrə kömək üçün nəzarətçilərin yanında lüğət və fənn proqramının olmasını tələb edir.
***
Dünən:
Vüsalə Ağabəyli müxtəlif mətbuat orqanlarında Kamal Abdullaya təşəkkürlər edir, difiramblar yağdırırdı.
Baxın:
1. http://www.adu.edu.az/2018/06/finlandiya-s%C9%99f%C9%99ri-2/
2.http://www.respublica-news.az/…/18800-adu-da-zhurnalistika-…
3.http://www.adu.edu.az/…/az%C9%99rbaycan-t%C9%99rcum%C9%99-…/
Bu gün:
Vüsalə Ağabəyli böhtan, şər və iftira yağdırmaqla məşğuldur. Yazdığı iddiaların hər biri böhtan və şərdir. Bunu yəqin ki, özü də yaxşı bilir və yaxın gələcəkdə bunlara cavab verməli olacaq.
***
Dünən:
2 il əvvəl tələbələrin iki səhifəlik diplom işlərinin (başqa sözlə, hesabatlarının ) təşkili ilə məşğul olurdu. Tələbələrin universiteti qeyri-məsuliyyətli bitirməsinə şərait yaradırdı.
Bu gün:
İmtahanlarda tələbələrə kömək üçün lüğət və proqramın olmasına etiraz edir. Bunu təhsildə cinayət adlandırır.
Qeyd: Hər bir imtahan otağında rektor bir lüğət və proqramın olması tələbini irəli sürüb. Eyni zamanda, imtahanda valideynlərin iştirakı da vacib faktora çevrilib.
***
Dünən:
Öz yazdığı namizədlik dissertasiyasında plagiat əlamətləri mövcuddur.
Bu gün:
Ağabəyli deyir: “ADU-da müdafiə edən dissertantların 90%-i pul verib”.
Qeyd: Rektoryanı şurada dediyi bu sözlərinə görə Müdafiə Şurasının bütün üzvləri – görkəmli alimlər onun cəzalanması ilə bağlı rektora rəsmi müraciət ünvanlayıblar.
***
Dünən:
ADU-nu bitirən tələbələr xarici dil bilmirlər, savadsızdırlar.
Bu gün:
Fakültə dekanı olaraq tələbələrin belə bir hala düşməsinin qarşısını almalı olan şəxs olduğu halda, bununla bağlı heç bir tədbir görməyib, heç vaxt heç bir təkliflə çıxış etməyib.
Qeyd: Tələbələrin xarici dil bilməməsinin Kamal Abdullaya nə dəxli var? O, bir il yarımdır ki, burada çalışır. Nə qədər “səy” göstərsə də, “istəsə” belə, il yarım müddətdə tələbəni savadsızlaşdıra bilməz. Bu “ittiham” bütövlükdə ADU kollektivinə təhqirdir və birinci növbədə bir dekan kimi onun özünə aiddir.
***
Dünən:
Vüsalə Ağabəyli 2017-ci ilin fevral ayında qanun pozuntuları ilə dekan seçilib. Belə ki, elmi dərəcəsi olub, amma elmi adı olmayıb. Heç bir kafedrada onun namizədliyinin müzakirəsi keçirilməyib. Amma Əsasnaməyə görə bütün bunlar olmalı idi.
Bu gün:
Bu gün Vüsalə Ağabəyli hələ də dekandır, işində buraxdığı nöqsanlara görə töhmət alıb. Onun bu gün də dekan kimi qalmasının ən böyük günahkarı elə Kamal Abdullanın özüdür.
***
Dünən:
2018-ci ilin sentyabr ayından bu günə qədər ona müraciət edən onlarla tələbənin ərizəsinə baxmayıb, heç qeydiyyatdan da keçirməyib. Bu ərizələrdə, əsasən, qayıblərın nəzərə alınması ilə bağlı xahişlər öz əksini tapıb. Vəzifə səlahiyyətlərini aşaraq bu ərizələrdən bəzilərinin üzərinə “nəzərə alınsın” qeyd edib, bəzilərinə isə ümumiyyətlə baxmayıb. Halbuki, qayıblərin nəzərə alınıb-alınmaması Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il 348 nömrəli qərarına əsasən rektorun səlahiyyətlərinə aid olan məsələdir.
Ərizələrə ümumiyyətlə baxılmaması isə vətəndaşa olan etinasızlıqdan başqa bir şey deyil. Deməli, baxılmayıbsa etinasızlıq, baxılıbsa vəzifə səlahiyyətini aşmaq halı baş verib.
Əslində isə ərizələr gəldikcə onlar rektora və rektoryanı şuraya ünvanlanmalı idilər. Bu baş vermədiyinə görə tələbələr bir daha, bu dəfə artıq özləri rektora müraciət etməyə başlayıblar.
Bu gün:
Belə ayrıseçkiliklər əlbəttə ki, haqlı olaraq tələbələrin narazılığına səbəb olur.
***
Dünən:
Müəllimlərin açıq dərsində (ya 10 dəqiqə, ya da 20 dəqiqə) iştirak edərək müəllimin özü olmadan o dərsləri “müzakirə” edib, mənfi qiymət yazıb. Bu ciddi qanun pozuntusudur.Hər bir adamın özünü müdafiə etməsi vacibdir.
Həmçinin, Ulu Öndərin anım günü ilə bağlı rəhbərlik tərəfindən tövsiyə edilən heç bir tədbir keçirməyib. Baxmayaraq ki, başqa fakültələr müxtəlif konfranslar, dəyirmi masalar və tələbə mitinqi təşkil ediblər. Dərsdə Ulu Öndərlə bağlı aparılan söhbətlər tədbir sayıla bilməz.
Bu gün:
Bunlara görə də Vüsalə Ağabəyli hələlik töhmət alıb. Şər və iftiralarına görə isə universitet əməkdaşlarının tələbinə görə cavab verməli olacaq.
***
P.S.
Hələ bizim Vüsalə Ağabəyliyə başqa suallarımız da olacaq.
Salman Quliyev