Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festivallar festivalının bir qrup iştirakçısı Sumqayıt şəhərinə səfər edib.
Unikal.org xəbər verir ki, Sumqayıt şəhəri ilə tanış olmaq məqsədilə təşkil olunmuş bu səfərdə Avrasiya ölkələrindən olan yazıçılar, şairlər, dramaturqlar, ədəbiyyat tənqidçiləri, mədəniyyət xadimləri iştirak edib.
Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında keçirilən görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qonaqlara Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.
Dünya şöhrətli yazıçı, Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov və digər qonaqlar səmimi qəbula və qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlığını çatdırıb, Sumqayıt şəhərində olmaqdan məmnunluqlarını ifadə ediblər.
Sumqayıt şəhərinə səfər çərçivəsində qonaqlar Nəsimi parkında, Sumqayıtın Şəhidlər Xiyabanında, Heydər Əliyev Mərkəzində, dənizkənarı bulvarda olublar. Heydər Əliyev Parkında yerləşən Poeziya evində qonaqlar Sumqayıtın yazarları ilə görüşüblər.
Qeyd edək ki, "Avrasiya Xalqları Assambleyası” beynəlxalq qeyri-hökumət təşkilatları ittifaqının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının "LiFFt” Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur.