Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Unikal.org qafqazinfo-ya istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə şahidlərin ifadələri davam etdirilib.
Şahid qismində mərhum Vəsilə və Vəfadarın qızı 10 yaşlı Fidan ifadə verib. O deyib ki, Fədai Hüseynov onlara tez-tez gəlib-gedirmiş: "Mən otaqda uzanmışdım, anama zənglər gəlirdi, o söndürürdü. Sonra nənəm gəldi otağa, anam ona dedi ki, sən çıx hava al. Özü telefonunda nəsə yazdı. Birdən Fədai əmi otağa girdi. Anam dedi ki, uşağın yanında olmaz. Sonra mənə dedi: "Fidan, çıx çölə". Mən otaqdan zala çıxanda gördüm nənəm yıxılıb. Biz nənəmi qaldıranda Fədai əmi atama yaxınlaşdı, "qardaş" deyib sonra bıçağı atama soxdu. Mən otağa qaçdım, anama dedim ki, atamı bıçaqladılar. Həmin vaxt anam əlini boğazından çəkdi, yerə yıxıldı, hər yer qan idi".
Dövlət ittihamçısı hadisə zamanı Fədai Hüseynovun hansısa bir söz işlədib-işlətmədiyini soruşub. Fidan isə heç bir söz demədiyini bildirib. Prokuror Fidanın istintaqa ifadəsində bu hissə barədə başqa cür ifadə verdiyi deyib. Fidan isə o ifadəni nənəsinin (Meyxanım Həsənova) təsiri altında, onun dediyi kimi danışdığını deyib.
Bu zaman Vəfadar Əbilhəsənovun bacısı Natella Mirzəyeva etiraz edib və Meyxanım Həsənovaya qarğış edib. Hakimin qərarı ilə o, zaldan çıxarılıb.
Bundan sonra hadisə baş verən evdə aşpaz işləyən Kifayət Əliyeva ifadə verib. O deyib ki, F.Hüseynov tez-tez Vəfadargildə olub: "Hadisəni görməmişəm. Gecə Meyxanım xanım (Vəsilənin anası) zəng edib dedi ki, "skoru maşın" götür gəl. Telefonda onun səsi tufanlı kimi idi, qorxdum, Fidan da ağlayırdı. Mən elə bildim, Fidan yıxılıb, ona görə çağırırlar. Xəstəxana evimizin yanında idi, "skoru" götürüb getdim. Evə çatanda Vəfadarın bacısı gecə paltarında çıxıb özünü maşının qabağına atdı, "hamını qırdılar" dedi. Biz qapının ağzında Vəfadarı gördük, elə bildik, təkcə o vurulub. Biz Vəfadarı maşına qoyandan sonra İsmayıl dedi ki, "anam qaldı axı". Mən soruşdum, anana nə olub, dedi, "anamın başını kəsiblər". Yuxarı çıxıblar, orada gördüklərimi təsvir edə bilmirəm".
Prosesdə Vəsilə Əbilhəsənovanın iş yoldaşı, rəfiqəsi Sevda Məmmədova və Mirxaliq Əhmədov ifadə verib.
Məhkəmə prosesi iyulun 5-də davam etdiriləcək.