Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə münasibətlərdə 7 aydan bəri davam edən böhranı çözmək üçün təşəbbüslə çıxış etməsi, Vladimir Putinə məktub yollayaraq Su-24 bombardmançısının vurulması ilə bağlı təəssüf hissi keçirməsini bəyan etməsi Moskvada, deyəsən, birmənalı qarşılanmayıb.
Rusiyanın Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri, senator Konstantin Kosaçyov Facebook-dakı profilində olayı şərh edib.
O yazıb: "Rusiya prezidentinin mətbuat xidmətinin təqdim etdiyi informasiyaya görə, Türkiyə lideri Ərdoğanın məktubunda iki önəmli tezis var ki, Rusiya bu məqamlarda təkid edirdi: əvvəla, üzrxahlıq, ikincisi də Su-24-ün pilotu Oleq Peşkovun ailəsinin acılarının və itkilərinin azaldılması üçün istənilən təşəbbüsə hazır olmaq. Məktub ictimai şəkildə açıqlanmayıb, Vladimir Putinə ünvanlanıb. Amma buna rəğmən, Rusiya istiqamətinə doğru önəmli addımdır. Bu addımın ən önəmli yönu odur ki, Rusiyanın seçdiyi davranış tərzinin 100 faiz korrekt və dürüst olduğunu göstərdi. Nə bəzi siyasətçilərin tələb etdikləri hərbi cavablar, nə də güzəştlər və insidentin cavabsız qoyulması".
K.Kosaçyov daha sonra vurğulayıb ki, Rusiyanın Türkiyə ilə münasibətlərdə seçdiyi davranış modeli uğurlu oldu.
"Fikrimcə, iqtisadi zərbə daha effektiv oldu - Ərdoğan Rusiyadan nə belə qətiyyəti, nə də əməllərimizin sonuclarının belə miqyasını gözləmirdi. Türkiyədə rusiyalılarsız qalan çimərliklər, Rusiyada türklərsiz qalan tikinti meydançaları istənilən hərbi və ya siyasi təhdidlərdən daha güclü alındı. Diplomatiyamız da zərgərcəsinə oldu: türklərə qarşı düşmənçilik ruhlu bir kəlmə, bu qarşıdurmanın xalqlar arasında olduğu barədə bir açıqlama olmadı. Hesab edək ki, qarşıdurmanın aradan qaldırılması istiqamətində ilk addım atıldı. Təbii ki, bu, yalnız başlanğıcdır".
K.Kosaçyov daha sonra bildirib ki, Rusiya Türkiyədən üzrxahlıqla yanaşı, Suriya və İraqla bağlı siyasətinidə köklü dəyişiklikləri gözləyir: "Anlamaq gərəkdir ki, Rusiya və Türkiyə arasındakı fikir ayrılığı daha dərindir, əhəmiyyətli miqyasda sistem səciyyəlidir. Təbii ki, Su-24 faciəsi hamımızı şoka saldı. Münasibətlərdəki fikir ayrılıqları hazırda Suriyada və İraqda, habelə digər münaqişə zonalarındakı situasiya ilə bağlıdır. Və biz Türkiyədən mövqelərinin dəyişdirilməsini, onlara yenidən baxılmasını gözləyirik. Həmin mövqelər son aylarda Rusiya ilə münasibətlərin korlanması ilə yanaşı, müvafiq münaqişə bölgələrində vəziyyətin deqradasiyasına səbəb oldu. Çünki Türkiyə həmin ərazilərdəki terrorçu təşkilatlarla effektiv mübarizə aparmır.
Ona görə də Ərdoğanın məktubundakı üzrxahlıq və təəssüf sözlərindən savayı Türkiyənin mövqelərindəki dəyişikliklərə dəlalət edə biləcək əməlləri də gözləyirik.
"Gec olsa da..."
Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının sədri Valentina Matviyenko hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubu Moskva ilə Ankara arasındakı münasibətlərdə "donun açılmasının", əlaqələrin mərhələli normallaşmasının başlanğıcı ola bilər. Təbii, üzrxahlığın gecikməsi təəssüf doğurur, amma gec olması heç olmamaqdan daha yaxşıdır".
"Əlaqələri tez bərpa etmək olar"
Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini, turizm üzrə alt komitənin sədri Mixail Yemelyanov hesab edir ki, Ərdoğanın məktubundan sonra Rusiya və Türkiyə arasında avianəqliyyat daşımaları sürətlə bərpa oluna bilər.
"Türkiyə bizə tərəfdaş kimi lazımdır. Amma o Türkiyə ki, ikili oyunlar oynamır, kürəyimizə bıçaq saplamır. Əgər türklər mövqelərini dəyişiblərsə, üzr istəyərək təzminat ödəməyə hazır olduqlarını deyirlərsə, əlaqələri tam həcmdə, o cümlədən turizm sahəsində bərpa etmək olar. Türizmlə bağlı məsələni çox sürətlə həll etmək mümkündür. Uçuşları da texniki baxımdan qısa zamanda bərpa edə bilərik", - M.Yemelyanov söyləyib.
"Xəbəri eşidəndə sevincimizdən dik atıldıq"
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubu iki ölkə arasında turizm axınının bərpasına təkan verə bilər".
Bunu Rusiya Turizm Sənayesi İttifaqının mətbuat katibi İrina Tyurina söyləyib.
Onun sözlərinə görə, məktubla bağlı xəbərə çox seviniblər: "Xəbəri eşidəndə sevincimizdən dik atıldıq. "Qiymət-keyfiyyət", servis səviyyəsi baxımından heç bir ölkə Türkiyəni əvəzləyə bilməz. Türkiyəyə turizm axınının bərpası ilə bağlı müsbət qərarın veriləcəyini düşünürük. Türkiyəyə çarter proqramlarını cəmi bir aya bərpa etmək, ilk reysləri isə bir-iki həftə sonra yollamaq olar".
"Tələsməyə dəyməz"
Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) sədri Aleksandr Şoxin Rusiya-Türkiyə münasibətlərinin sürətlə normallaşacağına inanmır.
"Düşünürəm ki, gözəl həyat dərhal başlanmayacaq. Amma digər məsələlərlə bağlı qarşılıqlı anlayış əldə olunarsa, əlaqələr iki ilə bərpa oluna bilər. Bu, gerçəkdən də belədir", - A.Şoxin söyləyib.
RSPP liderinin fikrincə, ilkin mərhələdə Rusiyanın Türkiyə mallarına qarşı tətbiq etdiyi embarqo ləğv oluna bilər, sonra da Rusiyada türk biznesinə qoyulmuş məhdudiyyət aradan qaldırılar. Rusiyadan Türkiyəyə turist axınının bərpasına isə Türkiyədə terror təhlükəsinin hələ də yüksək olması mane olur: "Turistlər üçün risklər hələ də var".
"Bir şərtlə ki..."
Rusiyada iqtidarda olan Vahid Rusiya Partiyasının sədr müavini, Dövlət Duması spikerinin müavini Sergey Jeleznyakın fikrincə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı V.Putinə məktub yollamağa türk ictimaiyyətinin mövqeyi vadar edib.
"Rusiya təyyarəsinin vurulmasına və pilotumuzun həlak olmasına görə Türkiyənin Rusiyadan üzr istəməsi ölkələrimiz arasında münasibətlərin bərpası yolunda ilk addım ola bilər. Bir şərtlə ki, Türkiyə rəhbərliyi kürdlərə qarşı zorakılıqdan əl çəksin, beynəlxalq terrorizmlə əlaqələrinə son qoysun, Suriya və İraqla bağlı destruktiv siyasətindən imtina etsin", - A.Jeleznyak jurnalistlərə söyləyib.
Kadırov yazdı: "Tam dəstəkləyirəm"
Çeçenistan prezidenti səlahiyyətlərini icra edən Ramzan Kadırov isə hesab edir ki, Türkiyə prezidentinin məktubu Rusiyanın bu məsələdə əvvəldən dürüst mövqe tutduğunu təsdiqləyir.
İnstagram-dakı profilində R.Kadırov yazıb: "İnsidentdən sonrakı ilk saatlardan başlayaraq Rusiya rəhbərliyinin problemlə bağlı tutduğu mövqelərin nə qədər düzgün olduğunu gördük. Tam əminəm ki, Rusiya rəhbərliyinin əməlləri tamamən doğru idi. Situasiya sərt dəyərləndirmələr, qərarlar və tələbləri ehtiva edirdi. Ərdoğanın üzrxahlığı dövlətlərarası əlaqələrin normal məcraya qayıtması istiqamətində ilk addım ola bilər. Ümid etmək istərdim ki, Türkiyə vurulan zərəri ödəyəcək, günahkar şəxsləri məsuliyyətə cəlb edəcək".
"Hələ heç nə eşitməmişəm"
Moskvanın Ankaraya qarşı tətbiq etdiyi embarqoların ləğvinə gəldikdə isə, bu məsələdə qeyri-müəyyənlik qalır.
Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçyov hər halda Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi ərzaq embarqosunun ləğv imkanı barədə məlumatsız olduğunu vurğulayıb: "Hələ heç nə etişməmişəm. Məsələnin həlli hökumətin səlahiyyət dairəsindədir".
Sözün qısası...
Rusiya Türkiyədən hələlik üstüörtülü şəkildə, amma çox sərt şəkildə tələb edir ki, Yaxın Şərqlə bağlı siyasətini dəyişsin. Daha konkret olsaq, Moskva Ankara qarşısına şərt qoyur, Suriya və İraq istiqamətindəki siyasətinin Rusiyanın maraqlarına uyğunlaşdırılmasını istəyir.
Rəsmi Ankaranın bu şərtlərə razılaşacağı ağlabatan təsir bağışlamır, çünki Rusiyanın diplomatları, siyasətçiləri və nazirlərinin bəyanatları Türkiyəyə ultimatum təsiri bağışlayır. Yəni "münasibətlərin bərpasını istəyirsinizsə, dediklərimizi edin".
Məqsəd Türkiyənin NATO-dakı rolunu zəiflətmək, ABŞ-ın təsir dairəsindəki aktiv rolunu azaltmaq və Rusiyanın bölgədəki "strateji müttəfiqi"nə yaxın status çərçivəsində yer almasına nail olmaqdır.(Milli.az)