Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çindəki Azərbaycan diasporunun nümayəndələri, millətlərarası Azərbaycan-Çin ailəsinin üzvləri – Pərvanə Kazımova, Çində anadan olmuş oğulları Elcan və Elşən ilə görüş keçirilib.
Unikal.org xəbər verir ki, P. Kazımova artıq on ildən çoxdur ki, Dalian şəhərinin aparıcı universitetlərinin magistraturasında, sonra isə doktoranturasında təhsil alaraq, ailəsinin Çinin ictimai həyatında iştirakından, övladlarının həm Azərbaycan adət-ənənələri ruhunda tərbiyə olunmasından, həm də Çinli həyat yoldaşının mədəni irsinə hörmətindən danışıb. Belə ki, Çin orta məktəbini bitirən Elcan və Elşən Kazımov dəfələrlə televiziya musiqi müsabiqələrində və proqramlarında iştirak edib, Azərbaycan və Çin dillərində mahnılar ifa ediblər.
ADU Konfutsi İnstitutnun direktoru Rafiq Abbasov qonaqlara ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib.
R.Abbasov, həmçinin deyib ki, bu gün ADU tələbələrinin Çinin aparıcı ali məktəblərində nəinki müvəffəqiyyətlə təhsil aldıqlarını, həm də Çinin tələbə gənclər həyatında fəal iştirak etdiklərini, Azərbaycanın tarixinə, mədəniyyətinə, siyasətinə və iqtisadiyyatına həsr olunmuş tədbirlərin müntəzəm təşkil olunduğunu, Çin ictimaiyyətini Azərbaycanın müasir, inkişafda olan, tolerant ölkə kimi Böyük İpək Yolu üzərində nailiyyətləri ilə tanış etdiklərini qeyd edib. R. Abbasov həmçinin Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin xaricdə yaşayan Azərbaycan gənclərinin Azərbaycanla bağlı olmalı olduğunu, Azərbaycan dilini bilməli və xaricdə yaşayan azərbaycanlı ailələrin, heç olmasa, ildə bir dəfə Vətənə gəlmələrinin yaxşı olduğunu xatırladıb.